Trampın gözlənilməz qərarları ABŞ-ı təcridə sürükləyir
-
Rus analitiklər - Moskva
ABŞ prezidenti Donald Trampın bir-birinin ardınca beynəlxalq qanunlara və öhdəliklərə zidd qərar çıxartması ölkəsinin dünyada daha artıq təcrid ilə üzləşməsinə səbəb olub.
ABŞ ilə ən çox iqtisadi və ticarət əlaqələrinə malik olan ölkələr ABŞ-ın idxal olunan polad və alüminium üçün gömrük taariflərini artırmasını tənqid ediblər. Kanadanın iqtisadiyyat naziri G7 ölkələrinin iqtisadiyyat nazirlərinin Kanadada keçirilən iclasının sonunda deyib: G7 ölkələrinin iqtisadiyyat nazirləri ABŞ-ın iqtisadiyyat nazirindən öz narahatlıqlarını prezident Donald Trampa çatdırmalarını istədilər. Fransanın iqtisadiyyat naziri isə ABŞ-ın Avropalı müttəfiqləri ilə ticarət savaşının astanasında olduğunu deyərək, əlavə edib: İndi top ABŞ-ın meydançasındadır.
ABŞ-ın birtərəfli qaydada İran ilə nüvə anlaşmasından çıxması, Avropa Birliyi, Çin, Kanada və Meksika ilə ticarət savaşına başlaması, Rusiya ilə münasibətlərdə gərginliyi artırması və Asiyanın qərbində destruktiv siyasət yürütməsi və beynəlxalq öhdəlikləri qulaq ardına vurması Vaşinqtonun dünyada misilsiz formada təcrid olunmasına səbəb olub. Bu, rusiyalı analitiklərin müxtəlif siyasi toplantılar və ixtisaslaşdırılmış iclaslarda səsləndirdikləri əsas məsələdir. Amma, Trampın İran ilə nüvə anlaşmasından çıxmaq üzrə birtərəfli qərarı bütün böhranların başında durur.
Rusiyanın Şərqşünaslıq İnstitutunun analitiki Vladimir Sajin deyir: “Mənim qənaətimə görə, Trampın nüvə anlaşmasından çıxmağa dair qərarı, yanlış bir qərar olmaqla yanaşı, beynəlxalq qanunlar qarşısında bir cinayət sayılır. ABŞ mənfur məqsədlər ilə bu anlaşmadan çıxdı. Dünyanı böhrana və xaosa sürükləmək bu məqsədlərdən biridir.”
Siyasi məsələlər üzrə analitik Qriqori Lukyanov da ABŞ-ın beynəlxalq arenada misilsiz şəkildə təcrid ilə üzləşməsinin səbəbini Trampın qeyri-adi rəftarları adlandırıb və deyib: Maraqlıdır Təhlükəsizlik Şurasında ilk dəfə olaraq və inanılmaz bir şəkildə ABŞ tərəfindən təqdim edilən qətnamənin lehinə yalnız bir ölkə səs verdi və o da elə Amerikanın özü idi. Bu Ağ Ev üçün böyük bir dərs və Vaşinqton üçün təcridin önəmli nişanəsi sayılır.
MDB ölkələri institutunun direktor müavini Vladimir Yevsinov deyir: “Tramp gözlənilməz bir şəxsiyyətə malikdir. Onun nüvə anlaşmasından çıxmasının arxasında bir neçə məqsəd gizlənir. Amma, İran ehtiyatlı davranmaq və düşünülmüş addımlar atmaqla Ağ Ev başçılarının bu məkrli planını zərərsizləşdirə bilər. Avropalılara gəlincə isə, onlar bu dəfə də müstəqil siyasət yürütməkdən aciz olduqlarını göstərmiş oldular.”