Tramp ABŞ-ın müttəfiqlərini özündən uzaqlaşdırır
ABŞ prezidentinin Avropa turnesi zamanı sərgilədiyi rəftarlar və səsləndirdiyi fikirlər Vaşinqton ilə Avropa arasındakı ixtilafların miqyasını bir daha ortaya qoymuş oldu. Tramp öz təzadlı fikirləri ilə ixtilafları həll etməkdən daha çox, münasibətləri daha artıq korlamaq və müttəfiqlərini ABŞ-a düşmən etməklə məşğuldur.
ABŞ prezidenti Donald Trampın bu ölkənin ən yaxın müttəfiqi olaraq Britaniyaya səfər etməsi, London rəsmiləri ilə görüşməsi və onun səfərinə qarşı xalq etirazlarının keçirilməsindən bir müddət keçməsinə baxmayaraq, bu səfərlə bağlı reaksiyalar hələ də davam edir.
“Tramp qadınlara hörmətsizlik edir, beynəlxalq qaydaları lağa qoyur, Britaniyanı təhqir edir. Biz isə belə bir şəxsə qarşı mübarizə aparmaq yerinə, onu ayaqları altına qırmızı xalça sərməklə mükafatlandırırıq. Halbuki, belə bir insan hörmətə layiq deyil.”
Amerikanın ənənəvi müttəfiqi sayılan Britaniyada Tramp əleyhinə 10 minlərlə insanın iştirakı ilə etiraz aksiyasının keçirilməsi, ABŞ-ın müttəfiqi olan qərb və Avropa ölkələrində xalqın Vaşinqtonla bağlı baxışlarının dəyərləndirilməsi üçün bir ölçü hesab oluna bilər.
“Qənaətimə görə, Tramp hər şeyi korlamaq istəyir. Onun məqsədi xaos yaratmaqdır.”
Əlbəttə, bütün britaniyalılar Tramp ilə müxalif deyillər. Trampın müsəlmanlar və immiqrantlar əleyhinə siyasətlərini dəstəkləyən bir qrup rasist və ifrat millətçi ingilis ABŞ prezidenti ilə öz həmrəylini nümayiş etdirmək üçün bir araya gəlmişdi.
“Bəli, biz iki il öncə immiqrantların ölkəmizə gəlişini önləmək üçün “Brexit”in lehinə səs verdik. Biz hamımız Trampın və onun siyasətlərinin tərəfdarıyıq.”
Britaniyaya səfərinin ardınca Trampın Finlandiyada Rusiya prezidenti ilə baş tutan görüşü də qalmaqallı oldu.
Rusiyanı özünə düşmən hesab edən Britaniyada bu görüş Trampın Londona ağız büzməsi kimi qiymətləndirildi.
ABŞ prezidentinin Avropa turnesi zamanı NATO-nun hərbi büdcəsinin artırılması ilə bağlı tələbindən tutmuş Avropanı ABŞ-ın ticarət düşməni adlandırmasına kimi, habelə, Britaniya üçün kimin daha yaxşı baş nazir ola biləcəyini deməsi Vaşinqtonla Avropa arasındakı ixtilafların nə qədər dərin olmasından xəbər verir.