ABŞ-ın hərbi təchizatları Gürcüstana daxil oldu
ABŞ "NATO"nun hərbi təlimlərində istifadə olunacaq hərbi təchizatları cümə axşamı Gürcüstana gətirib.
İRNA-nın məlumatına görə, Gürcüstanın Müdafiə Nazirliyi "NATO"nun 1-15 avqust tarixində keçiriləcək "Layiqli tərəfdaş-2018" hərbi təlimlərində 12 ədəd "Bradley" zirehli maşını, 5 ədəd "Abrams M1A2" tankı, 28 ədəd zirehli "Strayker" avtomobili və digər hərbi təchizatlardan istifadə olunacağını bildirib.
ABŞ-ın hərbi təchizatları Rumıniyanın Konstanta limanından yola düşərək, Gürcüstanın Poti limanı vasitəsilə bu ölkəyə daxil olub. Daha sonra bu hərbi təchizatlar hərbi təlimlərin keçiriləcəyi Vazyani hərbi bazasına köçürülməlidir.
Hərbi təchizatlar ilə yanaşı bir qrup amerikalı hərbçi də Avropadan Gürcüstana köçürülüb. Daha bir neçə mərhələdə əlavə hərbi bölmələrin də Gürcüstana gətirilməsi planlaşdırılır.
"Layiqli tərəfdaş-2018" hərbi təlimlərinin keçirilməsində məqsəd hərbi peşəkarlıq səviyyəsinin yaxşılaşdırılması, hərbi hazırlığın artırılması və Gürcüstan, ABŞ və digər tərəfdaş ölkələr arasında birgə hərbi fəaliyyət ahəngdarlığının yaxşılaşdırılması habelə, Qara dəniz məntəqəsində sülh və sabitliyin möhkəmləndirilməsi elan olunub.
Bu hərbi təlimlərdə Gürcüstan, Amerika, Britaniya, Almaniya, Fransa, Estoniya, Latviya, Polşa, Norveç, Türkiyə, Ukrayna, Azərbaycan və Ermənistan iştirak edəcək.
NATO-nun Layiqli Tərəfdaş təlimləri artıq 4 ildir ki, ardıcıl olaraq Gürcüstanda keçirilir.
NATO-nun baş katibi Yiens Stoltenberq 19 iyulda verdiyi açıqlamada NATO-nun son Brüssel sammitində 29 üzv ölkənin hamısının Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədiyini deyib.
Gürcüstanın NATO-ya qoşulmaq istəməsi Rusiyanı qəzəbləndirir. Rusiya NATO-nun şərqə doğru genişlənməsini öz milli maraqları üçün təhdid hesab edir.