Tramp minlərlə amerikalı hərbçinin Əfqanıstandan çıxarılması barədə göstəriş verib
-
Tramp minlərlə amerikalı hərbçinin Əfqanıstandan çıxarılması barədə göstəriş verib
Amerika prezidenti bu ölkə qüvvələrinin Suriyadan çıxarılmasının elan olunmasından bir gün sonra yeddi min amerikalı hərbçinin Əfqanıstandan çıxarılması barədə göstəriş verib.
CNN telekanalının Amerikadakı hərbi mənbələrə istinadlı məlumatına görə, ABŞ prezidenti Donald Tramp bu ölkənin ordusuna göstəriş veribdir ki, təqribən yeddi min amerikalı hərbçinin Əfqanıstandan çıxarılmasının planlaşdırılmasına başlasın.
CNN amerikalı hərbçilərin Əfqanıstandan çıxarılması barədəki qərarın Suriya barədə buna oxşar qərarla bir vaxtda verilməsinə işarə edərək bildiribdir ki, bu miqdarda qüvvənin çıxarılması aylarla davam edə bilər.
Digər tərəfdən, "Uol Strit Cournal" nəşri də bundan öncə xəbər vermişdi ki, Tramp hökuməti Əfqanıstandakı on dörd min amerikalı qüvvənin bir hissəsinin çıxarılması məsələsini araşdırmaqdadır.
Bu nəşr Tramp hökumətinin Amerikaya qaytarmaq istədiyi qüvvələrin sayına toxunmadan bildirmişdi ki, bu qərar gələn ilin yanvar ayında icra oluna bilər.
Bu xəbər elə bir halda yayılıbdır ki, mediaların amerikalı qüvvələrin Suriyadan çıxarılması ətrafındakı təxminlərindən sonra Tramp çərşənbə günü bütün amerikalı qüvvələrin bu ölkədən geri dönmələri barədə göstəriş veribdir.
Tramp bundan öncə amerikalı qüvvələrin Suriya və Əfqanıstandan çıxarılmasını əsaslandıraraq, demişdi ki, Amerikanın bu ölkələrdəki hərbi iştirakı Vaşinqtonun zərərinədir.