ABŞ-da Şəhərlər alov içində
ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan kütləvi nümayişlər altıncı gündür davam edir.
SəhərAzəri Teleqraf.com-a xəbər verir ki, CNN etirazçıların Vaşinqtonda Ağ Evin önündə qurulmuş barrikadanı yandırdıqlarını bildirib. Məlumatda olayların baş verdiyi vaxt Ağ Evdə olan Prezident Donald Trampın xüsusi sığınacağa aparıldığı qeyd edilib. Trampın xanımı Melaniya Tramp və oğlu Barronla birlikdə 1 saata yaxın sığınacaqda qaldığı deyilib. Prezidentin özü isə Tvitterdə paylaşdığı açıqlamada bunu təkzib edib. Digər yandan, polis qüvvələri Ağ Evin önündə gedən etirazlara müdaxilə edib. Etirazçılara səs bombaları və gözyaşardıcı qaz tətbiq olunub.
Vaşinqton, Atlanta, Çikaqo, Denver, Los-Anceles, Sittl və San-Fransisko da daxil olmaqla, ən azı 40 şəhərdə küçəyə çıxma qadağası elan edilib. Kaliforniyanın Lonq Biç və San Xose şəhərlərindəki etirazlardan istifadə edərək dükanları taladıqları halda, İndianapolisdəki mitinqlərdə baş verən qarşdurmada iki nəfərin həyatını itirdiyi açıqlanıb. Nyu-Yorkun ayrı-ayrı bölgələrində də polis və etirazçılar arasında toqquşmalar gedir. Nyu-Yorkdakı toqquşmalardan birində polis avtomobilini yandırıblar. Manhattanda da vəziyyət gərgindir. Etirazçılar tarix St. Patrik Katedralının divarına "Nəfəs ala bilmirəm" şüarları yazıblar. Bu şəhərdə iri ticarət mərkəzləri və dükanların talanması geniş vüsət alıb.