Braziliyada bir sutkada 41 minə yaxın koronavirus xəstəsi aşkarlanıb
Braziliyada son sutka ərzində koronavirusa 40 min 995 yoluxma halı qeydə alınıb.
SəhərAzəri AZƏRTAC-a istinadla xəbər verir ki, pandemiyanın statistikasını aparan Worldometer saytı ötən sutka ərzində bu ölkədə 1103 nəfərin COVID-19 infeksiyası səbəbindən həyatını itirdiyini bildirib.
Braziliyanın cənub-şərqində yerləşən San-Paulu ştatı və onun eyniadlı administrativ mərkəzi ölkədə infeksiyanın ocağı hesab olunur. Regionda 238 mindən çox yoluxma və 13 min 552 ölüm faktı qeydə alınıb. Rio-de-Janeyro ştatında 103 mindən çox insan COVID-19 infeksiyasına yoluxub, 9 min 295 nəfər isə həyatını itirib.
Saytın son məlumatına əsasən, hazırda Braziliyada virusa yoluxanların sayı 1 milyon 192 mini ötüb, 53 min 874 nəfər ölüb, sağalananlar isə 650 min nəfərə yaxındır. Ölkə koronavirusa yoluxma hallarına görə ABŞ-dan sonra dünyada ikinci yeri tutur.
Qeyd edək ki, Braziliya Prezidenti Jair Bolsonaru dəfələrlə koronavirus təhdidini şişirdilmiş saydığını bildirib. Həkimlərin tövsiyəsinə baxmayaraq o, maskadan və əlcəkdən istifadə etmir, kütləvi tədbirlərə qatılır, eyni zamanda, izolyasiya rejiminin və müəssisələrin fəaliyyətinin dayandırılmasının əleyhinə çıxırdı. Prezident pandemiya şəraitində tətbiq ediləcək strategiya barədə mübahisələrdən sonra aprelin ortalarında Səhiyyə nazirini istefaya göndərib.