Milyonlarla amerikalı evsiz qala bilər
Koronavirus milyonlarla amerikalını evindən edəcək
Amerikada iş yerlərinin bağlanılması və işçilərin ixtisar edilməsi ilə bir vaxtda, iyul ayının sonunda işsizlər üçün nəzərdə tutulmuş yardımların müddətinin başa çatması ilə milyonlarla amerikalının evsiz qalacağı proqnoz edilir.
SəhərAzəri bildirir ki, Birləşmiş Ştatlarda koronavirusun yayılmasına görə iş yerlərinin bağlanması və işçilərin ixtisar olunması nəticəsində 23 milyon amerikalının evsiz qalması ehtimal olunur.
Kirayədə yaşayan 12 milyon işsiz amerikalı üçün nəzərdə tutulmuş güzəştlər və maddi yardımların müddətinin 31 iyulda başa çatacağı gözlənilir. Bu isə işsizlik probleminin dərinləşməsinə və hazırda kirayədə yaşayan hər 5 amerikalıdan birinin sentyabr ayının sonunda mənzilsiz qalacağına səbəb olacaq.
Bəzi mütəxəssislərin dediklərinə görə, kirayədə qalan amerikalıların borclarının 21.5 milyard dollara çatacağı güman edilir.
Hətta, pandemiya dövründən öncə belə Birləşmiş Ştatlar evsizlik və mənzil problemindən əziyyət çəkirdi. Belə ki, kirayədə qalan hər bir amerikalı aylıq gəlirinin təqribən yarısını kirayə haqqı olaraq ödəməli idi. Hazırda isə işsizlik və iqtisadi durğunluq fonunda bu böhranın daha da dərinləşəcəyi qaçılmaz hesab olunur.
Qeyd edək ki, pandemiya Birləşmiş Ştatlarda ağ dərili insanlar ilə müqayisədə digər irqin nümayəndələrini daha artıq təsir altına alıb. Belə ki, evsiz olanlar arasında ağ dərililər ilə müqayisədə digər irqin nümayəndələri 2 dəfə daha çoxdur.