Minskdə iğtişaşlar davam edir, qarşıdurma zamanı bir nəfər ölüb
Minskdə aksiyalar zamanı bir etirazçı xüsusi təyinatlılarla qarşıdurma nəticəsində ölüb.
SəhərAzəri TASS-a istinadla xəbər verir, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova özünün “Telegram” kanalında açıqlama verib.
“Xüsusi təyinatlılarla qarşıdurma zamanı meydanı yarmaq üçün gələn etirazçılardan biri naməlum partlayıcı qurğunu hüquq-mühafizə orqanlarının əməkdaşlarına doğru atmağa çalışıb. Bu vaxt qurğu onun əlində partlayıb və onun ölümü ilə nəticələnib”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Belarus paytaxtında etirazlar təxminən dörd saatdır davam edir. Küçələrdə asayiş qaydalarını sərt şəkildə qorumağa çalışan hüquq-mühafizə orqanlarına qarşı müqavimət ocaqları Minskin üç rayonunda – metronun “Puşkinskaya” stansiyasının yaxınlığında, Qorki parkı bölgəsində və Banqalor meydanında qalıb. Təhlükəsizlik qüvvələri xüsusi vasitələrdən – gözyaşardıcı qazdan və işıqsaçan qumbaralardan istifadə edir.
Ölkənin hüquq-mühafizə orqanları Minskin mərkəzindəki Pobediteley prospektində toplaşan etirazçıların həbsinə başlayıb. Polis maşınları izdihama yaxınlaşır və təhlükəsizlik qüvvələri etirazçıları dərhal avtomobillərə soxur. Ərazidə xüsusi avadanlıqlardan, eləcə də su şırnaqlarından da istifadə edilir. Respublikanın Daxili İşlər Nazirliyi vəziyyətin nəzarət altında olduğunu bildirib.
“Saxlanılanlar var, ancaq hələlik onların sayını deyə bilmərəm. DİN-in əməliyyat-nəzarət qərargahı işini görür, vəziyyət nəzarətdədir”, - deyə DİN-in mətbuat katibi O.Çemodanova bildirib.
Xatırladaq ki, Belarusda avqustun 9-da keçirilmiş prezident seçkiləri ilə əlaqədar ekzitpol nəticələri açıqlandıqdan sonra paytaxt Minskin mərkəzində və respublikanın bir sıra digər şəhərlərində hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşmalarla müşahidə edilən kütləvi etirazlar başlayıb. Nəticədə, Daxili İşlər Nazirliyinin məlumatına görə, 3 minə yaxın insan tutulub, onlarla polis əməkdaşı və nümayişçi yaralanıb.