Noy 23, 2020 12:23 Asia/Baku
  • Fransa Prezidenti “Hayastan” fondunun bu ölkədəki filialına gedib.

Müharibə günlərində açıq şəkildə Ermənistanı dəstəkləyən Fransa prezidenti ötən gün maliyyə dəstəyi məqsədilə Azərbaycanın əsəbini tarıma çəkən növbəti addımını atıb.

SəhərAzəri xəbər verir, Beynəlxalq mediaların məlumatına əsasən Emmanuel Makron noyabrın 22-də Parisdə Azərbaycanın Qarabağ bölgəsindən qaçqın düşdüyü iddia edilən 120 min erməni və ümumiyyətlə, Ermənistanda çətinliklə üzləşən 1 milyona yaxın sakin üçün toplanan yardım kampaniyasına dəstək nümayiş etdirib.

Bildirilib ki, telemarafonun nəticəsi olaraq 22 noyabrda birinci, 27 noyabrda isə ikinci təyyarə Fransadan Ermənistana humanitar yardım aparacaq.

Makron burada da yenə Qarabağdakı “erməni dini və tarixi-mədəni abidələrinin” qorunmasının vacibliyindən danışıb.

Qeyd edək ki, Makronun simasında Fransanın birbaşa və açıq şəkildə göstərdiyi ermənipərəst və birtəfəli mövqe Azərbaycan tərəfindən kəskin şəkildə tənqid edilib. Rəsmilər deyirlər ki, bu ölkənin Minsk Qrupunun həmsədri kimi fəaliyyəti sual altına düşüb.

Onu da vurğulayaq ki, Paris şəhər şurasına və Fransa Senatına qondarma və separatçı “dqr”i tanımaq üçün qanun layihəsi təqdim edilib.

Fransa Senatı sözü gedən qanun layihəsini noyabrın 25-də müzakirəyə çıxaracaq.

Azərbaycan prezidenti İlham Əliyev xəbərdarlıq edib ki, hər bir dövlət qondarma rejimi tanıyarsa, onunla bütün əlaqələr kəsiləcəkdir.

Bəzi müşahidəçilər bildirirlər ki, rəsmi Parisi narahat edən əsas məsələ Qarabağdakı sülh prosesindən kənarda qalmasıdır. Bununla belə Rusiya hökuməti bəyan edib ki, Qarabağ sülh bəyannaməsinin alternativi yoxdur və bunu əngəlləməyə cəhd edən qüvvələrin qarşısı alınacaqdır.

Teqlər