Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pisləyib
Rusiyadan S-400 zenit-raket sistemləri əldə etməsi ilə əlaqədar Vaşinqton tərəfindən Ankaraya qarşı sanksiya tətbiq edilməsi beynəlxalq hüquqa təkəbbürlü münasibətin təzahürüdür.
SəhərAzəri TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiya qərarına münasibət bildirərkən deyib.
“Bu, əlbəttə ki, beynəlxalq hüquqa qarşı növbəti saymazcasına bir münasibətin təzahürüdür, ABŞ-ın illərdir – artıq on illərdir – saga-sola istifadə etdiyi qeyri-qanuni, birtərəfli məcburetmə tədbirlərinin göstəricisidir”, - Lavrov belə deyib.
Onun sözlərinə görə, bu cür davranış beynəlxalq arenada ABŞ-ın nüfuzunu artırmır.
Xatırladaq ki, ABŞ Türkiyə Müdafiə Sənayesi İdarəsi, onun rəhbəri İsmayıl Dəmir və daha üç Türkiyə vətəndaşına qarşı sanksiya tətbiq edib. Dövlət katibi Maykl Pompeo yeni sanksiyaların Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemləri alması ilə bağlı olduğunu təsdiqləyib.