ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın impiçmentinə səs verib
ABŞ Konqresinin Nümayəndələr Palatası hazırkı prezident Donald Trampın impiçmentinə səs verib.
SəhərAzəri “RİA Novosti”yə istinadən xəbər verir ki, impiçment yeganə maddəyə - qiyama çağırışa görə elan edilib.
Prezidentin impiçmentinin lehinə 232, əleyhinə 197 Konqres üzvü səs verib, 5 nəfər isə səs verməyib. Qətnamədə deyilir ki, dövlət başçısının hərəkətləri konstitusiya üzrə “ağır cinayətlər və əməllər” anlayışına uyğun gəlir. Konqresmenlərin qərarı Donald Trampı barəsində aşağı palata tərəfindən iki dəfə impiçment elan edilmiş ilk prezident kimi ABŞ tarixinə yazıb.
Trampın vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılması üçün onun Senatda da impiçmentinə dair qərar verilməsi lazımdır, ancaq Respublikaçılar hələ də Senatı yanvarın 20-də keçiriləcək Co Baydenin andiçmə mərasimindən əvvəl tətildən geri çağırmaqla bağlı razılığa gəlməyiblər. Üstəlik, qanunverici orqanın yuxarı palatasının qrafikinə görə, o, yalnız Trampın vəzifə səlahiyyətləri bitdikdən sonra impiçment məsələsinə baxa bilər. Ümumiyyətlə, Senat yanvarın 19-dək səsvermə tələb edən heç bir vacib mövzunun müzakirəsi üçün toplaşmayacaq. Trampın vəzifəsindən getdikdən sonra impiçment ediləcəyi də dəqiq deyil, çünki Konqres tarixində belə bir təcrübə qeydə alınmayıb.
Qeyd edək ki, yanvarın 6-da ABŞ prezidenti Donald Tramp Ağ Ev yaxınlığında təşkil olunmuş mitinqdə çıxış edərkən tərəfdarlarını həmin vaxt seçki nəticələrinin Konqres tərəfindən təsdiqlənməsi ilə bağlı yürütdükləri mübahisədə “zəif Respublikaçılara kömək etmək” üçün Kapitoli binasına doğru getməyə çağırıb. Hazırkı prezidentin tərəfdarlarından ibarət dəstə Kapitoli binasını mühasirəyə alıb, binaya daxil olaraq prezident seçkilərində qalib gəlmiş Co Baydenin qələbəsinin təsdiqləndiyi Konqresin birgə sessiyasını yarımçıq kəsiblər. Bundan sonra əraziyə milli qvardiyaçılar cəlb olunub, iğtişaşlar zamanı, həmçinin beş nəfər ölüb.
Bundan sonra Konqresdəki Demokratlar hazırkı prezidentin vəzifə səlahiyyətlərini yerinə yetirə bilməməsi ilə bağlı Konstitusiyaya 25-ci düzəlişi əsas tutaraq, vitse-prezident Mayk Pensi Trampı vəzifəsindən uzaqlaşdırmağa çağırıblar. Ancaq Pens bundan imtina edib