Fev 06, 2021 09:42 Asia/Baku
  •  “907-ci düzəlişin bərpası ABŞ-ın özünə ziyan vuracaq” -PROQNOZ

ABŞ prezidenti ötən günkü çıxışında ABŞ-ın yaxın 4 ildəki xarici siyasət kursu barədə danışıb.

SəhərAzəri Modern.az-a istinadən xəbər verir ki, Yeni prezident sələfindən fərqli olaraq, Rusiyanın söz azadlığı və demokratiyaya hücum cəhdlərinə sərt reaksiya verəcəyini əlavə edib.

“Mən Rusiya prezidenti Putinə açıq dedim ki, Rusiyanın aqressiv addımları – bizim seçkilərə müdaxiəsi, kiberhücumlar, öz vətəndaşlarını zəhərləməsinə və s. sərt cavab veriləcək. Biz dərhal Rusiyadan cavab tələb edəcəyik və xalqımızın həyat maraqlarını qoruyacayıq”.

Co Bayden Rusiya ilə yanaşı, Çinin ambisiyalarının da artdığını və bu ölkələrə sərt cavab vermək əzmində olduqlarını əlavə edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Modern.az-a açıqlamasında Co Baydenin Rusiyaya qarçı sərt mövqeyinin Cənubi Qafqaza, xüsusilə Azərbaycana təsirindən danışıb.

“Hər bir qlobal güc arasında olan gərginlik təbii ki, müəyyən bir ölkələrə öz təsirini göstərir. Co Bayden bir tərəfdən Rusiyaya qarşı müəyyən addımlar atacağını dediyi halda, digər tərəfdən nüvə silahları ilə bağlı razılaşmanın müddətinin uzadacaqlarını deyib. Hələ ki, Cənubi Qafqaz və Azərbaycan üçün hansı təsirlərin olacağı barədə bir nəticəyə gəlmək tezdi. Təbii ki, müəyyən addımlar atılsa, bu müəyyən qədər Azərbaycana öz təsirini göstərəcək. Çünki Azərbaycan qlobal iqtisadiyyatın bir üzvüdür və ən əsası Rusiya ilə bizim sərhəddimiz var”.

Fərid Şəfiyevin sözlərinə görə, Azərbaycan-Rusiya dostluğu davam edəcək. Amma ABŞ administrasiyasındakı bəzi qüvvələrin 907-ci düzəlişi bərpa etmək cəhdi Azərbaycandan çox məhz ABŞ-ın maraqlarına ziyan verəcək.

“Cərəyan edən proseslərə baxmayaraq Rusiya ilə həmişə dostluq münasibətləri qurmuşuq və bundan sonra da həmin münasibət öz axarında davam edəcək. Ən əsası qeyd etmək istəyirəm ki, 907-ci düzəlişin bərpası ABŞ-ın özünə ziyan vuracaq. Onsuz da ordu quruculuğunda, dövlət idarəçiliyinin inkişafında öz resurslarımıza əsaslanmışıq. Burada xarici yardım cüzi xarakter daşıyır”.

Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən erməni lobbisinin təsiri ilə qəbul edilən və Azərbaycana Amerikanın birbaşa yardımını yasaqlayan düzəlişdir. Sənəd 2001-ci il oktyabrın 24-də ABŞ-ın beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanla əməkdaşlığı fonunda dayandırılmışdı.

Teqlər