ABŞ və Avropa ticarət müharibəsində müvəqqəti barışıq əldə edib
ABŞ və Avropa arasında ticarət müharibəsinin müvəqqəti dayandırılmasına dair razılıq əldə olunub.
SəhərAzəri APA-ya istinadən xəbər verir ki, Avropa Komissiyasının veb-saytında bildirildiyi kimi, ABŞ və Avropa ölkələri təyyarə istehsalçıları "Boeing" və "Airbus" ilə əlaqədar mübahisə çərçivəsində tətbiq olunan bütün gömrük rüsumlarını dayandırıb.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin açıqlamasında qeyd edildiyi kimi, barışıq ABŞ Prezidenti Co Baydenlə danışıqlar nəticəsində əldə olunub. Barışığın müddəti dörd aydır və o, həm aviasiya, həm də qeyri-aviasiya mallarını əhatə edir.
Bundan əlavə, tərəflər bu mübahisəni birdəfəlik həll etməyə hazır olduqlarını bildiriblər. Avropa Komissiyasına görə, bu, tərəfdaşlığın yeni mərhələsindən xəbər verir.