Apr 12, 2021 14:09 Asia/Baku
  • Putin nəyə görə Ukrayna ilə sərhədə qoşun yığır?

Alman nəşri Rusiyanı ittiham etdi: Vladimir Putin qoşunları Ukrayna sərhədinə toplamaqla Qərbi təhrik edir.

SəhərAzəri xəbər verir kia. Almaniyanın "Di Velt" nəşri bu barədə yazır: Rusiya Ukrayna ilə sərhədə qoşunlarını toplayır. Bu, görünməmiş təxribatdır və sınaqdır. Moskva Qərbin yeni Amerika Prezidenti Co Bayden dövründə necə reaksiya verəcəyini yoxlayır.

Qeyd edək ki, son günlərdə Ukraynanın separatçı Donbas ətrafında Rusiya qoşunlarının hərəkətə gəlməsinə dair xəbərlərlə əlaqədar Kiyev öz silahlı qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib.

Martın sonunda ABŞ-ın New York Times nəşri adı çəkilməyən mənbəyə istinadən, Ukrayna sərhədinin Donbas hissəsində 4000-ə yaxın Rusiya hərbçisinin cəmləşdiyini yazıb.

Ukrayna ordusunun komandanı general Ruslan Homçak isə Rusiyanın Ukraynanın şərq sərhədi boyu təxminən 20-25 minlik hərbi qüvvə cəmləşdirdiyini bildirib.

Yaranmış vəziyyətdə rəsmi Kiyev çıxış yolunu Qərblə əlaqələrin möhkəmləndirilməsində və Ukraynanın NATO-ya üzvlüyü məsələsinin həllinin sürətləndirilməsində görür.

Prezident Zelenski bu fikri aprelin 6-da NATO Baş katibi Yens Stoltenberg ilə telefon danışığında bildirib və NATO ölkələrini Qara dənizdə təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa çağırıb.

Bu arada Almaniya hökuməti Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı növbəti addımların hələlik nəzərdə tutulmadığını bəyan edib. Digər tərəfdən Ukrayna Donbasla bağlı Minsk danışıqlarında iştirakdan imtina edib: Kiyev bildirib ki, artıq Minsk şəhərini Donbas üzrə Təmas Qrupunun iclasları üçün uyğun meydança saymır.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə Rusiyanın "Kommersant" nəşrinə bildirib ki, onun ölkəsi Donbasdakı qarşıdurmaya müdaxilə etməyi planlaşdırmır, ancaq vəziyyəti yaxından izləyir. Hadisələrin inkişafına əsaslanaraq konkret tədbirlər görüləcək," –deyə  Patruşev əlavə edib.

Teqlər