May 28, 2021 15:46 Asia/Baku
  • Almaniya Namibiyadakı soyqırımını etiraf edib

Rəsmi Berlin Almaniya imperiyası dövrünə təsadüf edən 1904-1908-ci illər arasında Namibiyanın müstəmləkə olduğu zaman, yerli əhalinin genosidə məruz qaldığını etiraf edib.

SəhərAzəri-nin məlumatına əsasən, Almaniyanın xarici işlər naziri Hayko Maas bir bəyanatda qeyd edib ki, Almaniya müasir baxışla soyqırımı kimi yad edilən bu hadisələri rəsmi şəkildə tanıyır.

Almaniyanın xarici işlər naziri bu ölkənin hökmranlığı altında olan ölkələrdə 1884-cü ildən 1915-ci ilədək baş verən zorakı hadisələr barədə Namibiya ilə beş il müzakirədən sonra formalaşmış razılaşmanı alqışlayıb.

Maas qeyd edib ki, Berlin 1,1 milyard avro dəyərində maliyyə proqramı vasitəsilə Namibiyanın bərpası və inkişafına kömək edəcək və təklif olunan bu məbləğ otuz il müddətinə ödəniləcək.

Namibiya Berlinin 1884-cü ildən 1915-ci ilədək olan dövrdəki hökmranlığı zamanı «Almaniyanın cənub-qərbi Afrikası» adlanırdı. Ondan sonra 75 il müddətinə Cənubi Afrikanın hakimiyyəti altında oldu. Nəhayət 1990-cu ildə öz istiqlaliyyətini elan etdi.

Alman müstəmləkəçiləri tərəfindən öz əkin sahələri və mal-qarasından məhrum olmuş yerli herro əhalisi «nama» adlı digər bir qrupla yanaşı, 1904-cü ildə qiyam etdi, lakin Almaniyanın imperiya qüvvələri onları yatırdılar.

1904-1908-ci illər arasında azı 60 min yerli herro əhalisi və on min yerli nama əhalisi almanlar tərəfindən qırğın edildilər.

Tarixçilər uzun illər Almaniya-Namibiya münasibətlərinin kəskin olması amili olan bu qırğını 20-ci əsrin ilk soyqırımı hesab edirlər.

Teqlər