İyun 26, 2021 12:07 Asia/Baku
  • Silahlanma rəqabətinin yeni fazası başlanır-TƏHLİL

Rusiya Prezidenti Vladimir Putin dünyada təhlükəsizlik üçün təhdidləri açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, 9-cu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı iştirakçılarına müraciətində Rusiyanın dövlət başçısı kütləvi qırğın silahlarının yayılması risklərini, beynəlxalq kriminal, kibercinayətkarlıq və terrorizmi dünyaya təhdid adlandırıb.

Putin bu barədə deyib: “Regionda silahlı münaqişələr, kütləvi qırğın silahlarının yayılması riskləri, transsərhəd kriminal qruplaşmaların, narkobiznes və kibercinayətkarlığın aktivliyi ciddi narahatlıq doğurur. Bunula yanaşı beynəlxalq terrorizm hələ də əsas təhdid olaraq qalır.”

O, həmçinin bildirib ki, Rusiya öz xalqı üçün sülh və sabitliyi təmin etmək məqsədilə hər şeyi edəcək, öz Silahlı Qüvvələrini təkmilləşdirəcək, diplomatiyanın imkanlarından istifadə edəcək və bütün maraqlı tərəfdaşlarla dialoq aparacaq.

Rusiya prezidentinin sözlərinə görə, Avropada gərginlik getdikcə artır, bu da yeni təhlükələrin yaranmasına gətirib çıxaracaq. Putinin sözlərinə görə, Moskva Avropa ilə geniş əməkdaşlıq qurmaqda maraqlıdır.

Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün müdafiə idarələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət mütəxəssislərini bir araya gətirən illik forumdur. Konfransdakı müzakirələr nəinki müxtəlif ölkələrin mövqelərini daha yaxşı anlamağa, həm də beynəlxalq hərbi əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirməyə imkan verir.

Qeyd edək ki, Rusiya dövləti bir neçə ildir təhlükəsizliyini təmin etmək və xarici təhdidləri önləmək adı altında ciddi addımlar atmaqla məşğuldur. Bu günlərdə Rusiyanın Kremlə yaxın “İzvestiya” nəşri “Ostrota” yəni “Kəskinlik” adlı yeni hipersəs sürətli raketin işlənib hazırlandığını yazıb. Bu xəbər Qərbdə həyəcanla qarşılanıb, Britaniya mətbuatı Putinin “çox dəhşətli” yeni silahı haqda yazır. Ona görə “çox dəhşətli” ki, bu raket strateji və operativ-taktiki aviasiya üçün nəzərdə tutulub, dünyanın istənilən nöqtəsinə zərbə endirməyə imkan verəcək. Və olduqca böyük sürətə malik olmaqla bərabər istənilən raketdən müdafiə sisteminin öhdəsindən gələcək.

Bildirilir ki, yeni raketin uçuş sınaqları 2022-ci ildə başlamalıdır. Raketin sürətinin nə qədər olacağı göstərilmir, amma bildirilir ki, bu raket Rusiyanın indiyədək işləyib hazırladığı və hazırlamaqda olduğu digər hipersəs sürətli raketlərindən xeyli balacadır, miniatürdür və təyyarələrdə yerləşdirilmək üçündür.

Mayın 20-də Rusiya prezidenti Vladimir Putin ölkənin yeni strateji silahının-hipersəs sürətli “Avanqard” qanadlı blokunun silahlanmaya daxil olduğunu xatırladıb. Deyib ki, belə silah dünyanın heç bir ölkəsində yoxdur və qitələrarası uçuş mənzilinə malikdir. Üstəlik raket təkmilləşdirilməkdədir.

Xatırladaq ki, hazırda dünyanın iri ölkələri arasında hipersəs sürətli silahlar sahəsində güclü rəqabət gedir. İlk dəfə Rusiya bu silahlara malik olduğunu açıqlayıb, onun ardınca ABŞ və Çin də hipersəs sürətli raketlər işləyib hazırladıqlarını elan ediblər. Lakin hesab edilir ki, hazırda bu sahədə liderlik Rusiyanın əlindədir.

“The Sun” qəzeti yazır ki, Rusiyanın bir-birinin ardınca yeni hipersəs sürətli raketlər işləyib hazırladığını elan etməsi Qərbi atəş gücü baxımından ötüb keçməyə yönəlib. Rusiyanın habelə sürəti saatda 12.400 kilometri keçən “Kinjal” raketi də var və onlar MiQ-31 qırıcılarında yerləşdirilib.

Bütün bunlar onu deməyə əsas verir ki, planetimizdə silahlanma rəqabəti yeni fazaya keçib və Rusiya ilə Qərb arasında yaşanan ziddiyyətlər hər an dəhşətli faciələrə gətirib çıxara bilər.

Tərəflər arasında qarşıdurma vəziyyətinin yaranmasına Donald Trampın ABŞ-ı Ortamənzilli Raketlər Müqaviləsindən çıxarması səbəb olmuşdusa, Co Baydenin hakimiyyətə gəlməsi heç nəyi dəyişmədi. Üstəlik amerikalıların Avropada Kruz və yeni ballistik raketlərin yerləşdirilməsinə başlamaları kritik vəziyyət yaratmışdır. Rusiya bütün bunları özünə qarşı provokasiya kimi nəzərə alır. İndi əgər bu kontekstdə Ukrayna və Gürcüstan NATO-nun sıralarına daxil edilərsə, Rusiya bunu özünə qarşı müharibə elanı kimi qəbul edəcək və ardınca gözlənilməz hadisələr baş verəcəkdir.

Səhər TV-nin redaksiya məqaləsi

 

Teqlər