Dek 08, 2021 12:05 Asia/Baku
  • Müharibə təhlükəsi sovuşdumu?

ABŞ və Rusiya prezidentləri arasında ötən gün videorabitə vasitəsilə keçirilmiş kritik danışıqlardan sonra indi bütün diqqətlər Rusiyanın Ukraynaya hücum edib etməyəcəyinə yönəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Co Baydenlə Vladimir Putin arasında danışıqların əsas mövzusu Ukrayna ətrafındakı kritik situasiya barədə olub. Belə görünür ki, tərəflər bu məsələdə hansısa ciddi anlaşma əldə etməyiblər.

Kremlin yaydığı məlumatda deyilir ki, prezidentlər “İkinci Dünya müharibəsi illərindəki müttəfiqlik münasibətlərini” yada salıblar. Və 2 saatlıq danışıqların əsas hissəsi “Ukraynadaxili böhranla bağlı problem” olub. Putin Kiyevin “destruktiv xətt” yürütdüyünü bildirib, eyni zamanda NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair möhkəm təminat tələb edib. Bildirib ki, alyans “Ukrayna ərazilərini mənimsəmək üçün” təhlükəli cəhdlər edir, o cümlədən Rusiya ilə sərhəd boyu hücum silahları yerləşdirir.

 

Ağ evin yaydığı məlumatda isə deyilir ki, prezident Bayden Rusiyanın Ukrayna sərhədləri boyu hərbi fəallığından narahatlıq bildirib. Bayden aydın şəkildə mesaj verib ki, Birləşmiş Ştatlar və müttəfiqləri hərbi hücum baş verərsə buna qarşı qətiyyətli iqtisadi və digər tədbirlərlə cavab verəcəklər”,- deyə məlumatda deyilir.

Eyni zamanda danışıqların ardınca Dövlət Departamenti bəyan edib ki, prezident Bayden NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair Rusiya tərəfinə heç bir təminat verməyib.

Bu arada Ukrayna ilə bağlı hərbi hazırlıqlar davam edir və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bəyan edib ki, iki ölkə prezidentləri arasında aparılmış danışıqlara baxmayaraq Vaşinqtonda Rusiyanın Ukrayna sərhədlərinə yeni ordu birlikləri cəmləşdirmək planları barədə məlumat var.

Birləşmiş Ştatlar isə gözlənilən Rusiya hərbi müdaxiləsinə qarşı Ukrayna ordusunun müdafiə imkanlarını artırmaq üçün öz mütəxəssislərini göndərməkdə davam edir.

 

Teqlər