Telefon danışığı zamanı
Bayden və Putinin tonu ciddi olub
Dekabrın 30-da ABŞ prezidenti Co Bayden ilə Rusiya prezidenti Vladimir Putin arasında 50 dəqiqəlik telefon danışığı baş tutub.
SəhərAzəri-nin məlumatına əsasən,telefon danışığında Bayden rusiyalı həmkarını Ukrayna ilə gərginliyi azaltmağa çağırıb və " əhəmiyyətli irəliləyişin yalnız gərginliyin azaldılması şəraitində baş verə biləcəyini" təkrarlayıb, Ağ Evin sözçüsü Ceyn Psaki bildirib.
Kreml isə öz növbəsində bildirib ki, yeni sanksiyalar Moskva ilə Vaşinqton arasında münasibətləri tamamilə poza biləcəyi üçün, bu böyük səhv olacaq.
Söhbət Moskvanın təşəbbüsü ilə baş tutub, Vaşinqtonun əsas məqsədi iki ölkə arasında təhlükəsizlik məsələləri ilə bağlı qarşıdan gələn danışıqların “tonunu müəyyən etmək” olub. ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə görə, Bayden və Putin arasında söhbətin tonu “ciddi” olub.
ABŞ Prezidenti Cozef Bayden Rusiya Prezidenti Vladimir Putinlə söhbətində hər iki ölkənin Avropanın və ümumilikdə dünyanın təhlükəsizliyinin təminatında xüsusi məsuliyyət daşıdığını vurğulayıb.
Kremlin mətbuat xidmətinin açıqlamasına görə isə, Telefon söhbətində əsasən təhlükəsizlik məsələləri üzrə danışıqlara başlanması müzakirə edilib.
"Bu kontekstdə Cozef Bayden Avropanın və ümumilikdə dünyanın təhlükəsizliyinin təminatında Rusiya və Amerikanın xüsusi məsuliyyət daşıdıqlarını vurğulayaraq qeyd edib ki, Vaşinqton Ukrayna ərazisində hücum-zərbə silahları yerləşdirmək niyyətində deyil", - məlumatda bildirilir.
Xatırladaq ki, Vaşinqton və Moskva rəsmiləri Moskvanın təhlükəsizlik tələblərini müzakirə etmək üçün yanvarın 10-da Cenevrədə görüşməlidirlər. Həmin həftə Rusiya rəsmiləri NATO və ATƏT Daimi Şurasının nümayəndələri ilə də görüşəcəklər.