Yan 11, 2022 08:12 Asia/Baku
  • Ryabkov: Gürcüstan və Ukrayna NATO-ya daxil olmasınlar

Rusiya bildirir ki, Ukrayna və Gürcüstanın NATO-ya üzv olmayacağına dair Moskvaya zəmanət lazımdır.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyaya Ukrayna və Gürcüstanın heç vaxt NATO-ya üzv olmayacaqları ilə bağlı tutarlı zəmanət lazımdır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bazar ertəsi Cenevrədə ABŞ nümayəndələri ilə təhlükəsizlik təminatlarına dair görüşdən sonra jurnalistlərə bildirib.

Rusiyalı rəsmi deyib: "Bizim üçün Ukraynanın heç vaxt NATO üzvü olmamasına əmin olmaq mütləq vacibdir. İstərdik ki, NATO-nun 2008-ci ildə Buxarest sammitində qəbul edilmiş formul Madriddə keçirilən sammitdə geri götürülsün və belə bir cümlə yazılsın: Ukrayna və Gürcüstan heç vaxt Şimali Atlantika Alyansının üzvü olmayacaq”.

Ryabkov əlavə edib: “Biz boş söhbətlərdən, yarımçıq vədlərdən, bağlı qapılar arxasında aparılan danışıqlarda tez-tez baş verən yanlış şərhlərdən bezmişik, qarşı tərəfə etimadımız yoxdur. Bizə vədlər yox, hüquqi əhəmiyyətli təminatlar lazımdır. Bu, Rusiyanın milli təhlükəsizlik məsələsidir”.

Xatırladaq ki, yanvarın 10-da Rusiya və Amerika Birləşmiş Ştatlarının Cenevrədə səkkiz saat davam edən təhlükəsizlik zəmanəti ilə bağlı danışıqları başa çatıb. Görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, Amerika tərəfinə isə dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edir.

Teqlər