Qərb Ukrayna məsələsində Rusiyanı şantaj edir
ABŞ və İngiltərə səfirlikdəki işçilərin ailələrini Kiyevdən çıxarır
Amerika rəsmiləri Ukraynada vacib işi olmayan işçilərinə və səfirlik əmakdaşlırının ailələrinə ölkədən çıxmaq əmri verib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyaya qarşı psixoloji müharibə yeni fazaya daxil olur. ABŞ-ın ardınca İngiltərə də Kiyev səfirliyindəki əməkdaşlarının bir qismini ailələri ilə birlikdə Ukraynadan çıxarmağa başlayıb.
Bundan əvvəl ABŞ dövləti Rusiyanın Ukraynaya mümkün hücumu ilə bağlı ABŞ səfirliyinin əməkdaşlarının ailələrinin və vacib işi olmayan işçilərin ölkədən çıxarılmasına qərar vermişdi.
Qərbin iddialarına görə, Rusiyanın Ukrayna sərhədlərinə qoşun yığması onun bu ölkəyə hücuma hazırlaşdığı təəssüratını yaradıb. Hərçənd Rusiya Ukraynanı işğal etməyi planlaşdırdığına dair iddiaları təkzib edir.
Bu arada İngiltərə XİN-in məlumatında bildirilib ki, səfirlik işini davam etdirəcək və Ukraynada Britaniya vətəndaşlarına konsulluq yardımının göstərilməsi də daxil, əsas funksiyaları yerinə yetirəcəkdir.
ABŞ Dövlət Departamenti də Ukraynadakı səfirliyinin vacib işi olmayan əməkdaşlarının bu ölkəni tərk etməsinə icazə verib.
Dövlət Departamentinin rəsmi açıqlamasında bildirilib ki, Rusiyanın Ukraynaya qarşı ciddi hərbi əməliyyatlar planlaşdırdığına dair xəbərlər var.
Digər tərəfdən Dövlət Departamenti davam edən gərginlik və "ABŞ vətəndaşlarına qarşı təzyiq potensialı" səbəbindən amerikalılara Ukrayna və Rusiyaya səyahət etməmək barədə xəbərdarlıq edib.
"Rusiyanın Ukraynaya qarşı ciddi hərbi əməliyyatlar planlaşdırdığı barədə məlumatlar var," - deyə Dövlət Departamentinin məsləhətçisi iddia edib.
Qurumun rəsmisi qeyd edib ki, səfirlik hələ də açıqdır, lakin Ağ Evdən dəfələrlə xəbərdarlıq edilir ki, işğal "istənilən vaxt" ola bilər və hökumət belə bir vəziyyətdə ABŞ vətəndaşlarını evakuasiya etmək iqtidarında olmayacaq.
Bu arada NATO-nun hərbi müdafiə alyansının rəhbəri təqribən 100.000 rus əsgərinin Ukrayna sərhədində cəmləşməsindən sonra Avropada yeni qarşıdurma riski ilə bağlı xəbərdarlıq edib.