Ukrayna sərhədində vəziyyət gərginləşir
Yeni hərbi qüvvələrin yerləşdirilməsi öz təsdiqini tapdı
Rusiya və Ukrayna təmas xəttində yeni hərbi qüvvələr toplayır.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna Silahlı Qüvvələri “Qərb” xüsusi təyinatlı dəstəsinin hərbçilərini təmas xəttinə keçirib.
Bu barədə qondarma Luqansk Xalq Respublikasının rəsmi nümayəndəsi İvan Filiponenko bildirib.
O, Ukrayna xüsusi təyinatlılarının Novoluqanskda yerləşdirilməsinə aydınlıq gətirib.
Separatçıların təmsilçisi Rusiya hərbi texnikasının əraziyə gətirildiyini də bildirib və deyib ki, son gün ərzində müvəqqəti olaraq işğal olunmuş əraziyə 70 ədəd əlavə Rusiya hərbi texnikası yerləşdirilib.
Məlumata görə, söhbət tanklar, zirehli texnika və özüyeriyən artilleriya qurğularından gedir.
Bundan əvvəl Luqansk Xalq Milisi Donbas təmas xəttində 79-cu Ukrayna Hava Desant Briqadasına tədarük edilən Britaniyaya məxsus tank əleyhinə raket bazalarını aşkar edib.
Bu arada Ukrayna ilə bağlı vəziyyətin gərginləşməsi fonunda sığorta bazarı nəhənglərinin ən böyük birliyi olan Birləşmiş Müharibə Komitəsi növbədənkənar iclas çağırmağa hazırlaşır. Qeyd olunur ki, Ukrayna yüksək riskli yerlər siyahısına daxil edilə bilər. Bundan sonra sığortaçılar adətən sığorta əmsallarını artırırlar və beynəlxalq daşıyıcılar arasında Ukrayna biznesi ilə əməkdaşlıq etmək istəyənləri tapmaq çətin olacaq. Ukrayna limanlarına mal çatdırmaq istəyən şirkətlər sığortaçı tapmaqda çətinlik çəkəcəklər və sığorta olmadan isə biznes çox təhlükəlidir.
Xatırladaq ki, Ukrayna parlamentində prezidentyönlü “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia bildirib ki, Qərb və ABŞ ölkədəki vəziyyət ətrafında çaxnaşma səpir. Nəticədə proseslər Ukrayna iqtisadiyyatının xeyrinə işləmir.
Digər bir məlumata əsasən, Ukrayna ətrafında gərginliyin artması ilə Britaniyanın baş naziri Boris Conson Yaponiyaya gözlənilən səfərini ləğv edib. Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Yapon agentliyinin hökumət mənbələrindən aldığı məlumata görə, Consonun Yaponiyaya səfəri fevralın ortalarına planlaşdırılıb, lakin Britaniya tərəfi Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar səfərin ləğv edilməsi ilə bağlı Tokionu xəbərdar edib.