Ukraynaya nəzarət üstündə geostratej rəqabət qızışır
ABŞ Avropaya bir neçə min hərbçi göndərir
-
Con Kirbi
Ukraynaya nəzarət üstündə geostratej rəqabət qızışır. Bununla bağlı bildirilir ki, ABŞ Şərqi Avropada yeni istehkamlar qurur və regiondakı hərbi qüvvələrinin sayını artırmaqdadlr
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Vaşinqtonda keçirdiyi brifinqdə deyib.
O deyib ki, ABŞ Avropaya bir neçə min hərbçi göndərir. Bundan əlavə Pentaqon Almaniyada olan min hərbçini də Rumıniyaya göndərir.
Pentaqon yaxın günlərdə Avropaya - Rumıniya, Polşa və Almaniyaya təxminən 2 min hərbçi göndərəcək.
Con Kirbinin sözlərinə görə, hazırki vəziyyət tələb edir ki, NATO-nun Şərq qolunun cilovlayıcı və müdafiə imkanları gücləndirilsin.
ABŞ rəsmisi vurğulayıb ki, hərbçilər bölgəyə "birdəfəlik" göndərilmirlər, bu, Amerikanın regiondakı müttəfiqlərinə dəstək göstərmək məqsədilə edilir. Söhbət 82-ci hava-desant diviziyası, eləcə də 18-ci hava-desant korpusundan gedir. Onlar NATO deyil, ABŞ rəhbərliyi altında olacaqlar.
Bu arada ABŞ Müdafiə Nazirliyində bildriblər ki, lazım gələrsə, Avropa hüdudlarında öz qoşunlarını dislokasiya edəcəklər.
Kirbi yaxın vaxtlarda Avropaya əlavə qüvvələrin göndəriləcəyini istisna etməyib. Onlardan sonralar Ukraynada, "təxliyəyə yardım etmək üçün" istifadə edə bilərlər.
Ötən həftə ABŞ Avropaya göndərmək üçün elit desant hissələrdən 8,5 min hərbçini yüksək hazırlıq səviyyəsinə gətirib.
Qərb ilə Rusiya arasında psixoloju müharibənin qızışması fonunda ABŞ prezidenti Co Bayden çərşənbə günü Fransa lideri Emmanuel Makron ilə telefonla danışıb və onunla Ukrayna ətrafındakı vəziyyəti, habelə Rusiya ilə diplomatik əlaqələri və Moskvaya qarşı potensial sanksiyaları müzakirə edib.
Həmçinin ABŞ və NATO-nun Rusiyanın təhlükəsizliklə bağlı təkliflərinə cavabı dərc olunub.
Qeyd olunub ki, ABŞ və NATO Şərqi Avropada nüvə silahlarının yerləşdirilməsindən çəkinir.
Xatırladaq ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyini və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.