Rusiyaya qarşı əsəb savaşı yeni fazaya keçir
ABŞ və Britaniya Ukraynaya hərbçi və susrsat daşıyır
-
ABŞ
Ukrayna üstündə Qərb bloku ilə Rusiya arasında əsəb müharibəsi şiddətlənir. ABŞ və Britaniya Ukraynaya hərbçi və susrsat daşımaqla məşğuldurlar
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ rəsmiləri iddia ediblər ki, Rusiya Ukraynanın işğalı üçün lazım olan qüvvələrin təxminən 70%-ni hazırlayıb.
“Röyters” bu barədə bildirib ki, əgər Rusiya Kiyevi işğal etmək qərarına gəlsə, Ukrayna paytaxtı bir-iki günə alınacaq: “ABŞ-ın hesablamalarına görə, hərbi əməliyyatlar zamanı Ukraynanın hərbi itkiləri 5 min-25 min, Rusiyanın itkiləri 3 min -10 min, mülki itkilər isə 25 min-50 min nəfər ola bilər. Bundan əlavə, ABŞ rəsmiləri deyirlər ki, irimiqyaslı hücum milyonlarla insanın didərgin düşməsinə səbəb olacaq”.
Əsəb müharibəsinin dərinləşməsi ilə yanaşı xəbər verilir ki, ABŞ-dan 86 ton döyüş sursatı daşıyan səkkizinci təyyarə Ukraynaya uçub.
Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib.
O qeyd edib ki, yanvarın 22-dən etibarən ABŞ-dan Ukraynaya 650 tondan çox müdafiə texnikası göndərilib.
Bu arada Britaniya 100-dən artıq xüsusi təyinatlı hərbçisini Ukraynaya göndərib.
“Mirror” nəşrinin yazdığına görə, Böyük Britaniyanın Baş naziri Boris Conson və Fransa Prezidenti Emmanuel Makron NATO-nun şərq cinahında yerləşən ölkələrin Rusiyanın mümkün hücumlarından tam qorunmaları məsələsində razılığa gəliblər:
“Bu məqsədlə Britaniyanın Xüsusi Hava Xidməti və Xüsusi Qayıq Xidməti Ukrayna xüsusi təyinatlılarına qiyamçılarla mübarizə taktikası, snayper və təxribat mövzusunda təlim keçmək üçün Ukraynaya göndərilib”.
Nəşr artıq Rusiya ilə qonşu Estoniyada qış hazırlığını keçmiş 1500 britaniyalı hərbçinin olduğunu bildirib.