Bayden hücumun baş verəcəyinə israr edir
"Hər şey Rusiyanın Ukraynaya hücuma hazırlaşdığını göstərir"
ABŞ Prezidenti Co Bayden yenidən iddia edib ki, Rusiyanın Ukraynanı işğal etmək təhlükəsi çox yüksəkdir və hər şey Rusiyanın yaxın bir neçə gün ərzində Ukraynaya girməyə hazırlaşdığını göstərir.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ lideri hələlik Rusiya Prezidenti Vladimir Putinlə danışıqların planlaşdırılmadığını vurğulayıb.
ABŞ-ın dövlət katibi Entoni Blinken isə Münhen Təhlükəsizlik Konfransına getmədən öncə Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı “Rusiyanın sülh və təhlükəsizliyə təhdid" adı altında keçirilən sessiyasında çıxış edib. O, qeyd edib ki, Rusiya Ukraynaya qarşı hücuma hazırlaşır.
Dövlət katibi çıxışında ABŞ-ın niyyətinin Rusiyanın iddia etdiyi kimi müharibəyə başlamaq deyil, onu dayandırmaqdan ibarət olduğunu söyləyib.
Blinken iddia ki, sübutlar Rusiyanın Ukraynaya yaxınlaşan hücumuna doğru irəlilədiyini göstərir. O, Moskvanın təxminən 150 000 əsgərini Ukrayna ilə sərhədlərdən uzaqlaşdırması ilə bağlı iddialarını münasibət bildirib: “Rusiya bu qüvvələri geri çəkdiyini deyir. Biz bunun heç yerdə baş verdiyini görmürük. Məlumatlarımız açıq şəkildə göstərir ki, quru qoşunları, təyyarə gəmiləri də daxil olmaqla, bu qüvvələr yaxın günlərdə Ukraynaya qarşı hücuma hazırlaşır. Hadisələrin necə olacağını bilmirik”.
O, Rusiyanın məsələni sülh solu ilə həllinə çağırıb.
Bu arada Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya müdaxiləsinin mümkün istiqamətlərini əks etdirən xəritə dərc edib.
Britaniya hərbçilərinin fikrincə, Rusiya qoşunları qərb bölgələrindən Kiyev və Dnepr, Krımdan Azov sahilləri boyunca və Belarus ərazisindən Kiyevə, eləcə də Krımdan Odessaya doğru hərəkət edəcəklər.
ABŞ və Britaniyanın bu kimi iddialarla çıxış etmələrinə baxmayaraq, BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, Ukraynada müharibə olmayacaq.
Quterreş bildirib ki, nikbinlik üçün səbəb var. Heç bir tərəf vəziyyətin mümkün diplomatik həllinə “qapsıını bağlamayıb”. Çünki bir tərəfdən gərginlik ritorikasının və gərginliyin artması, digər tərəfdən isə “müxtəlif səviyyələrdə çox aktiv diplomatiya” müşahidə olunur.