Qərb dövlətlərinin Rusiyaya qarşı təzyiqləri şiddətlənir
Ukraynaya dəstək, Rusiyaya sərt sanksiyalar
Qərb dövlətlərinin Rusiyaya qarşı cəza tədbirlərinin artdığı bir vaxtda onlar Ukraynanını sürətlə silahlandırmağa başlamışlar.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Ukrayna ordusuna misli görünməmiş yardım, o cümlədən 450 milyon avro dəyərində silah tədarükünün maliyyələşdirilməsi barədə razılığa gəliblər.
Bu barədə AB-nin Baş diplomatı Cozep Borrell bildirib.
Onun sözlərinə görə, Avropa Birliyi ölkələri Rusiya qoşunlarına qarşı müharibə aparmaq üçün Ukraynaya həmçinin döyüş təyyarələri verməyə razılaşıblar.
"Biz hətta Ukraynaya döyüş təyyarələri təqdim edəcəyik. Biz təkcə döyüş sursatından danışmırıq. Müharibə aparmaq üçün ən vacib silahları veririk", - deyə o bildirib.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin xalqına müraciətində Qərb dövlətlərini təhdid etmişdi ki, “Ukraynadakı vəziyyətə kənardan müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək. Əminəm ki, rus hərbçiləri öz vəzifələrini peşəkarcasına və cəsarətlə yerinə yetirəcəklər”.
Hazırda bir çoxlarını maraqlandıran əsas məsələ budur ki, Qərb dövlətlərinin Ukraynanı silahlandırmasına cavab olaraq Putin hansı addımları atacaq və onun strateji nüvə silahlarının hazır vəziyyətə gətirilməsi ilə bağlı əmri düşmənlərini öz qərarlarından vaz keçməyə vadar edəcəkmi?
NATO baş katibi Yens Stoltonberq Rusiya prezidenti Vladimir Putinin ordunun strateji çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə əmrinə münasibət bildirərkən deyib ki, Rusiya prezidentinin bəyanatı vəziyyətin ciddiliyini göstərir.
Onun sözlərinə görə, NATO Ukraynaya hava hücumu və tank əleyhinə silahların tədarükünü artırır.
Müşahidələr onu deməyə əsas verir ki, tərəflərdən heç biri kompromisə getmək fikrində deyil. Bu istiqamətdə Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Rusiyanın bir neçə bankının SVİFT-dən çıxarılması ilə bağlı razılaşmanı təsdiqləyib.
G7 ölkələri isə Ukraynaya müdafiə xarakterli silahların yerləşdirilməsi və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı razılığa gəliblər.
Bundan əlavə Avropa İttifaqı Rusiya üçün hava məkanını tamamilə bağlayır.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün “Twitter” səhifəsində yazıb: "Biz Aİ hava məkanını Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan və ya Rusiyanın nəzarətində olan təyyarələr üçün bağlayırıq. Onlar Aİ ərazisinə enə, qalxa və ya uça bilməyəcəklər", - deyə məlumatda bildirilir.
Qadağanın şəxsi təyyarələrə də şamil edildiyi vurğulanır.