Rusiya Xarkova desant qrupu çıxarıb
Ukraynanın ikinci böyük şəhərində küçə döyüşləri gedir
Rusiya Xarkov şəhərinə desant qoşunu çıxarıb, Ukrayna döyüşçüləri onlarla döyüşə girib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə ölkənin Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, Rusiya desantları Xarkova enib. İşğalçılar xəstəxanaya - Şimal Regionunun Hərbi Kliniki Tibb Mərkəzinə hücum ediblər. Onlarla ukraynalı müdafiəçilər arasında döyüş başlayıb.
"Ukraynanın Operativ Silahlı Qüvvələri" teleqram kanalının məlumatına görə, hücum şəhər və bölgədə hava həyəcanı xəbərdarlığının elan edildiyi anda baş verib.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Həbri əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin yüzlərlə dinc sakini həlak olub və yaralanıb, şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.
Bu arada Rusiya Prezidenti Vladimir Putinin Kiyevə birbaşa hücum əmri verməsi barədə məlumat yayılıb.
Ukraynanın böyük şəhərlərinin yaxın 48-72 saat ərzində ağır şəkildə bombalanması əmri verildiyi iddia edilir.
Son durum barədə isə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat verilir.
Məlumatda deyilir: “Ciddi sayda canlı qüvvə və texnika itkisinə baxmayaraq, düşmən Kiyevə hücumu davam etdirir. Rus ordusunun qarşısı Kozelets, Bobrovitsa və Makiyev ərazilərində alındı. Onlar Sumı, Lebedin, Oxtırkada uğursuz cəhdlər edir. Boxoduxiv, Çuqiv, Şevçenkove ərazilərində işğalçıların qarşısı alınıb. Donetsk istiqamətində uğur qazana bilməyən rus qüvvələri Mariupol şəhərini mühasirəyə almağa başlayıb. Düşmən, həmçinin dəniz desant əməliyyatı üçün hazırlıqlarını davam etdirir. Onlar mülki əhalini qorxutmaq üçün mühüm infrastruktur obyektlərinə raket endirməkdə davam edir. İşğalçıların bütün istiqamətlərdə itkiləri var”, - deyə məlumatda bildirilib.