ABŞ Putinin reaksiyasından çəkinir
Bayden: "Amerika qoşunları Ukraynada döyüşməyəcək"
Amerika prezidenti Rusiya dövlət başçısının heç vaxt olmadığı qədər dünyadan təcrid olunduğunu iddia edib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Konqresində çıxış edən prezident Co Bayden deyib ki, Putin altı gün əvvəl azad dünyanın təməllərini sarsıtmağa qərar verib. Amma o, ağlına belə gətirə bilmədiyi divara çırpıldı. Söhbət Ukrayna xalqından gedir.
Bayden çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinin dünyadan təcrid olunmağından və digər məqamlardan danışıb:
“Bəli, biz ABŞ Ukrayna xalqı ilə yan-yana dayanırıq. Biz tarixin dərslərini bilirik: diktator dayandırılmasa, o, daha irəli gedir", - Bayden qeyd edib.
O, Ukraynaya hücumun əsassız olduğunu vurğulayıb və deyib: “Biz müttəfiqlərimizlə birlikdə güclü iqtisadi sanksiyalara əl atırıq, bu, Putinin hərbi fondunu tamamilə mənasız edir. Mən bu gün Putinə və bu rejim nəticəsində milyardlarla dollar oğurlayan rus oliqarxlarına deyirəm - biz buna son qoyuruq. Onların lüks suitləri, yaxtaları, təyyarələri və hesablarına həbs qoyacağıq. Bu gündən etibarən Rusiyadan bütün uçuşları dayandırırıq. Və buna görə yalnız Putin məsuliyyət daşıyır”.
O əlavə edib ki, Amerika qoşunları Ukraynada döyüşməyəcək, lakin ABŞ əlində olan hər vasitə ilə NATO ərazisinin hər qarışını müdafiə edəcək.
ABŞ dövlət başçısı çıxışının davamında qarşıdakı günlərin ukraynalılar üçün çətin olacağını da etiraf edib. O bildirib ki, Putin irəli gedəcək, lakin Ukrayna xalqı öz azadlığından və 30 illik müstəqilliyindən əl çəkməyəcək. Putin öz tankları ilə Kiyevi mühasirəyə alsa da, o, Ukrayna xalqının qəlbinə və ruhuna, azadlıq eşqinə qalib gələ bilməz. O, heç vaxt azad dünyanın qətiyyətini sarsıtmaqla uğur qazana bilməyəcək.
Qeyd edək ki, ABŞ prezidenti Rusiyanı müharibəyə təhrik etdiyinə görə məsuliyyəti üzərinə götürməkdən çəkinib və Qərb blokunun provakasiyalarına, o cümlədən də NATO-nun şərqə doğru irəliləməsi cəhdlərinə işarə etməyib. Hesab edilir ki, Ukraynada dəhşətli vəziyyətin başlıca səbəbkarı NATO və ABŞ rəhbərliyidir. Məhz onların müdaxiləsi nəticəsində bölgədə mürəkkəb vəziyyət yaranıbdır.