Ukrayna müharibəsi bu günədək neçə can alıb?
Rusiya ilə Ukrayna arasında baş verən müharibədə həlak olanların sayı barədə tərəflər biri-birinə zidd məlumatlar yayıblar.
SəhərAzəri-nin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Ukraynadakı hərbi əməliyyatlarda indiyə kimi Rusiya tərəfindən 498 nəfər həlak olub, 1597 nəfər isə yaralanıb.
Rusiya MN Ukrayna tərəfinin isə əməliyyatlarda 2870-dən çox itki verdiyini açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində isə Rusiyanın bir həftə ərzində Ukraynada 9 minədək hərbçi itirdiyini açıqlayıb.
Həlak olan mülkilərin statistikası ilə bağlı isə BMT-nin İnsan Haqları üzrə Ali Komissarının ofisi məlumat yayıb. Məlumata görə fevralın 24-dən martın 1-dək Ukraynada 227 mülki şəxs həlak olub. Müharibə zamanı daha 525 mülki şəxsin yaralandığı bildirilib.
BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi isə Ukraynadan qaçqın düşənlərin sayını açıqlayıb:“Cəmi yeddi gün ərzində biz 1 milyondan çox qaçqının Ukraynanı tərk edib qonşu ölkələrə keçdiyinin şahidi olduq”, - Qrandi “Twitter” hesabında paylaşım edib.