Ukrayna müharibəsinin itkiləri barədə son məlumat
Rusiya Müdafiə Nazirliyi Ukraynanın itkiləri Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə Rusiya itkiləri haqda yeni məlumatları təqdim ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya MN-in rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov 24 fevraldan indiyə qədər Ukraynanın 2600-ə yaxın hərbi obyektinin məhv edildiyini bildirib.
“Məhv edilən hərbi obyektlərin arasında 90 komanda idarəetmə məntəqəsi, 123 ədəd S-300, “Buk M-1” və “Osa”, həmçinin 81 radiolokasiya sistemi var”, - general deyib.
O, həmçinin 84 PUA-nın məhv edildiyini vurğulayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə bildirib ki, Rusiya ordusunun Ukrayna ərazisindəki ümumi döyüş itkiləri martın 8-nə olan məlumata görə, təxminən 12 min nəfər təşkil edib.
Bu müddət ərzində Rusiyanın 27 hava hücumundan müdafiə sistemi, 48 təyyarə, 80 helikopter, 3 gəmi və 7 PUA itirdiyi bildirilib.
Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi Rusiy-Ukrayna müharibəsinin başlamasından indiyə qədər 474 mülki vətəndaşın həlak olduğunu bildirib.
Statistikaya görə, 861 nəfər xəsarət alıb. BMT-yə görə, itkilər daha çox ola bilər.