Ukrayna prezidenti Qərbdən məyus olubmu?
Zelenski Qərbin bəzi liderlərini cəsarətsiz adlandırdı
Ukrayna prezidenti xalqa və beynəlxalq ictimaiyyətə növbəti müraciətində bəzi Qərb liderlərini cəsarətsiz adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Zelenski deyib: "Biz birlikdə bəzi Qərb liderlərinin cəsarətini geri qaytarmalıyıq ki, onlar nəhayət, işğalın ilk günündə etməli olduqlarını etsinlər. Yaxud Ukrayna səması rus raketlərinə və bombalarına bağlanmalıdır. Ya da bizə döyüş təyyarələri verin ki, hər şeyi özümüz edə bilək”.
Zelenski vurğulayıb ki, Ukrayna Rusiyaya qarşı müharibəni təkbaşına dayandıra bilməz. Bunun üçün dünya xalqları gec olmadan birləşməlidir.
Ukrayna Prezidenti həmçinin “Sky nyus”a müsahibəsində bildirib ki, Qərb dövlətləri mütləq Ukraynanın hava məkanını bağlamalıdır. Dövlət başçısı söyləyib ki, bunu tez bir zamanda etmək lazımdır: “Əgər bunu indi eləməsəniz, sonra gec olacaq və durum daha da pisləşəcək. İnanın mənə, proseslər belə davam etsə, nə vaxtsa hava məkanını bağlayacaqlar. Amma bu, milyonlarla insanın canı hesabına başa gələcək. Üçüncü dünya müharibəsi başlayacaq və yalnz bundan sonra Qərb ölkələri qadağa zonası elan edəcək”, - deyə Zelenski qeyd edib.
Ukrayna lideri xəbərdarlıq edib ki, Putin Ukrayna ilə kifayətlənməyəcək. Ona görə də Qərb seçim etməlidir. İki il sonra Qərb müharibə zonasına çevrilə bilər. Rusiya Avropanın mərkəzini bombalayanda “niyə vaxtında Ukraynanın hava məkanını bağlamadıq?”- deyə, özlərinə sual verəcəklər”.