Rusiya müdafiə Nazirliyi yeni məlumat yaydı
Ukraynada 3500-ə yaxın hərbi obyekt məhv edilib
Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat başlayandan indiyə kimi Ukraynada 3491 hərbi obyekti məhv edib.
SəhərAzəri-nin məlumatına əsasən, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
O qeyd edib ki, dünən və bu gün yüksək dəqiqliyə malik silahla Vasilkovdakı aerordom və Brovarıdakı radio və radiotexniki kəşfiyyat mərkəzi sıradan çıxarılıb.
Konaşenkov həmçinin iddia edib ki, Ukrayna silahlı qüvvələrinin 1127 tank və digər zirehli döyüş maşını, 115 reaktiv yaylım atəş sistemi, 423 səhra artilleriya və minaatan, 934 xüsusi təyinatlı hərbi texnika, eləcə də 123 pilotsuz uçuş aparatı da məhv edilib.
Bu arada Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın dövlət telekanalına müsahibəsində deyib ki, Ukraynaya gedən silah karvanları Rusiya ordusunun hərbi hədəfinə çevrilə bilər.
"Biz ABŞ-a xəbərdarlıq etmişik ki, onun bir sıra ölkələrdən Ukraynaya silah axınını təşkil etməsi təkcə təhlükəli addım deyil, həm də bu silah karvanları Rusiya ordusunun legitim hərbi hədəflərinə çevrilir", deyə o bildirib.
Ryabkov, Moskvanın, Vaşinqtonun Ukraynaya mobil zenit-raket kompleksləri və tank əleyhinə raketlər kimi silahlarla ehtiyatsız şəkildə təmin etməsinin nəticələri barədə xəbərdarlıq etdiyini bildirərək, qarşı tərəfin Rusiyanın bu xəbərdarlıqlarını ciddi qəbul etmədiyini dilə gətirib.
Öz növbəsində Ukrayna da iddia edib ki, irimiqyaslı döyüş zamanı Rusiya zirehli texnika kalonu Ukrayna Silahlı Qüvvələri tərəfindən pusquya salınıb və məhv edilib. Qeyd olunur ki, rus hərbçiləri böyük bir bölmənin tərkibində magistral yollardan biri ilə hərəkət edirdilər, lakin gözlənilmədən yanacaqdoldurma məntəqəsi ərazisində hücuma məruz qalıblar.
Həmçinin bildirilir ki, döyüşlər zamanı Ukraynanın müdafiəçiləri Rusiyanın Hava Kosmik Qüvvələrini yeni itkilərə məruz qoyublar. Gün ərzində Rusiya Hava Kosmik Qüvvələri bir Su-34 qırıcı-bombardmançısını, 4 döyüş vertolyotunu və bir pilotsuz təyyarəsini itirib.