Rusiyanın Müdafiə Nazirliyi yeni məlumat yayıb
Ukraynanın daha 29 hərbi obyekti məhv edildi
Rusiyanın Müdafiə Nazirliyi Ukraynalı ilə müharibənin gedişatı barədə məlumat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib ki, Rusiya hərbi aviasiyası Ukraynanın daha 29 hərbi obyektini, o cümlədən 6 sursat anbarı və hərbi texnikanın 14 toplanma məntəqəsini məhv edib.
"Operativ-taktiki, ordu və pilotsuz təyyarələr Ukraynanın 29 hərbi obyektini vurub. Onların arasında reaktiv yaylım atəş sisteminin bir qurğusu, üç komanda məntəqəsi, o cümlədən briqadanın bir səhra mobil komanda məntəqəsi, altı sursat anbarı və hərbi texnikanın 14 toplanma məntəqəsi var”, - deyə Konaşenkov bildirib.
Ukrayna Təhlükəsizlik Şurasının keçmiş polkovnik-leytenantı Vasili Prozorov də Rusiya ordusunun yeni irəliləmələri barədə iddiaları təsdiqləyib.
Onun sözlərinə görə, Ukrayna bölmələri o cümlədən Milli Qvardiya, dəniz piyadaları, “Azov” batalyonu Donetskin cənubundakı Volnovaxa şəhəri və Volnovaxa vilayətinin Qranitnoye kəndində məğlub olaraq Mariupola çəkilib.
Belə bir halda Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevin Podolsk rayonundakı yaşayış məhəllələrini atəşə tutub.
Bu barədə Kiyev Şəhər Administrasiyası teleqramda məlumat yayıb.
Hadisə yerində artıq xilasedici və tibb işçiləri fəaliyyət göstərir. Yaşayış binalarının dağıntı xarakteri, miqdarı və zərərçəkmişlərin sayı dəqiqləşdirilir.
Ukraynanın qərb bölgəsi də hədəfə alınmaqda davam edir. Rusiya Hava Qüvvələri bu gün Lvovun Qərb kənarına raket zərbəsi endirib. Partlayışlar Lvov dövlət hava Təmir zavodunun yerləşdiyi Sknilov rayonunda baş verib.