Rusiya ilə müzakirə istəyən Ukrayna hələ də öz qələbələrindən danışır
“Hər tərəf Rusiya əsgərlərinin meyitləri ilə doludur”
Ukrayna rəhbərliyi Rusiyanı müzakirəyə çağırdığı bir vaxtda yeni qələbələrdən danışır.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarının 25-ci günündə rus ordusu Kiyevə yeni hücuma başlamaq üçün atəş vasitələrini cəmləşdirir və logistika qurur. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının yaydığı məlumatında deyilir.
Məlumatda bildirilir ki, Ukrayna qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq cəbhəsində döyüşlər aparır. Hava hücumundan müdafiə qüvvələri mühüm obyektləri və yaşayış məntəqələrini düşmənin hava zərbələrindən qorumağa çalışır. Ötən sutka ərzində Rusiya qüvvələri fəal hücum əməliyyatlarına cəhd göstərməyiblər və əsasən yaşayış məntəqələrinə raket-artilleriya zərbələri endiriblər.
Ukrayna rəsmilərinin dediyinə görə, Rusiya ordusu canlı qüvvə və texnika sarıdan ağır itkilər versə də Kiyevi ağır şərtlərlə atəşkəsə məcbur etmək üçün yeni hücum dalğası planlaşdırır. Ukrayna prezidenti Volodimir Zelenski ötən gecə Rusiya xalqına müraciət edib və bildirib ki, bu günə qədər Ukrayna torpaqlarında 14 mindən çox rus əsgəri ölüb. Rusiyada isə bu itkilərə məhəl qoyan yoxdur. Üstəlik meyitləri də yığışdırmırlar.
“Bizim ön xətdə, xüsusən ağır döyüşlərin getdiyi yerlərdə hər tərəfə Rusiya əsgərlərinin meyitləri səpələnib. Və bu meyitləri heç kim yığışdırmır. Əvəzində hücuma yeni hissələri irəli qovurlar. Rusiya komandanlığı bacardıqca hansısa ehtiyat qüvvələri səfərbər etməyə çalışır”, - Zelenski bildirib.
Bu arada Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı Qara Dəniz Donanması komandirinin hərbi-vətənpərvərlik işləri üzrə müavini, 1-ci dərəcəli kapitan Andrey Paliyin həlak olub.
Bu barədə sosial şəbəkədə Sevastopol Naximov adına Hərbi Dənizçilik Məktəbinin ictimai şurasının katibi Konstantin Tsarenko yazıb.
Rusiyadan çoxlu sayda əsir götürüldüyü də iddia olunur. Ukraynada rəsmi statistikaya görə hazırda 562 hərbi əsir var. Bunu Ukraynanın baş nazirinin müavini İrina Vereşuk bildirib.
"Hazırda Rusiyadan rəsmi 562 hərbi əsirimiz var. Ölənləri isə Qırmızı Xaç təşkilatı ilə birgə sənədləşdiririk" - deyə Vereşuk bildirib.
Digər tərəfdən Almaniyanın müdafiə naziri Lambrext açıq şəkildə deyib ki, NATO münaqişəyə müdaxilə etməyəcək və Ukraynada səmanı bağlamayacaq.
Ukraynanın dövlət rəsmiləri xəbərdarlıq edirlər ki, Avropa İttifaqının siyasətçilərinin hər bir belə bəyanatı Rusiyanı Ukraynada qırğını davam etdirməyə təşviq edir. "Əgər müharibəni tanımırsınızsa və Putindən qorxursunuzsa, heç olmasa təxribat xarakterli bəyanatlar verməyin", - deyə Ukrayna rəsmilərindən biri bildirib.