Rusiya mediası itkilərinin sayını açıqladı
Ukrayna müharibəsində 10000 hərçi ölüb
Rus qəzeti Ukraynadakı müharibədə Rusiya ordusunun şəxsi heyətinin 10 min nəfər itki verdiyini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, belə bir məlumatı “Komsomolskaya pravda” Rusiya Müdafiə Nazirliyinə istinadla 20 martda yayıb.
Məlumatda qeyd edilir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynada aparılan xüsusi hərbi əməliyyatın gedişində Rusiya ordusu 9861 nəfər itirib, 16153 nəfər yaralanıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 2 martda 498 əsgər itirdiyini elan etmişdi. Ondan sonra şəxsi heyət itkisi barədə məlumat yenilənməyib.
Ukrayna isə 15 minə yaxın rus əsgərinin məhv edildiyini bildirir.
Bu arada ekspertlər Rusiyanın itkiləri azaltmaq üçün öz hərbi taktikasını dəyişdiyini və daha çox uzaqmənzilli raketlərə üz tutduğunu vurğulayırlar.
Rusiya ordusu bu günlərdə azı iki dəfə hipersəs silahlarından istifadə edib. Bəzi ekspertlər isə bunu Putinin NATO-ya xəbərdarlığı kimi qiymətləndirirlər.
Almaniyada çıxan "Die Velt" qəzetinin məlumatında qeyd olunur ki, bu, Qərbi ciddi problem qarşısında qoyur. Moskva hərbi əməliyyat başlayandan bəri ilk dəfə olaraq “Xəncər” adlı silahdan istifadə etdiyini açıqlayıb. Bu raket səsdən onqat sürətlə uça bilir. Bu baxımdan, onu müəyyən etdikdən sonra reaksiya üçün vaxt çox az olur.
Məqalədə bildirilir ki, NATO və xüsusilə onun avropalı üzvləri Moskvanın hipersəs silahlarının təhlükələrindən xəbərdardırlar. Lakin hələ də buna qarşı effektiv sistemə malik deyillər. Çoxmilyardlıq sərmayə ilə Pentaqon səsdən 27 dəfə sürətli və Rusiya və Çin hipersəs silahlarını tutmaq imkanlarına sahib sistemlər yaratmağa çalışır. Avropada hipersəs silahları daha çox müzakirə olunur və ya elmi araşdırmalar aparılır. Ancaq sual budur ki, bu fundamental tədqiqatlar əsasında effektiv raket əleyhinə sistemlər hazırlamaq mümkün olacaqmı, əgər belədirsə, nə vaxt?
ABŞ Prezidenti Co Bayden də Rusiyanın müharibədə işlətdiyi yeni silalh barədə açıqlama verib. O deyib: "İlk dəfə Ukraynada döyüşlərdə istifadə edilən Rusiyanın "Xəncər" hipersəs raketi faktiki olaraq qarşısıalınmazdır, onu dayandırmaq demək olar ki, mümkün deyil”.