Mart 24, 2022 16:23 Asia/Baku
  • NATO-nun Ukrayna ilə bağlı fövqəladə sammiti keçirilib

 Belçikanın paytaxtı Brüssel şəhərində NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının fövqəladə iclası keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, toplantıda ABŞ Prezidenti Co Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, NATO-nun Baş katibi Yens Stoltenberq və digər liderlər iştirak ediblər.

Sammit Rusiya-Ukrayna müharibəsinə həsr olunub və orada NATO-nun öz müdafiə planlarını aktivləşdirməsi barədə qərar qəbul edilib.

NATO Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Brüsseldə keçirilən fövqəladə iclasında deyib ki, yeni qərar NATO-nu qorumaq məqsədilə verilib.

Onun sözlərinə görə, NATO müttəfiqlərinin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidlərə dözüm nümayiş etdirməyəcək. Alyansı qorumaq üçün müdafiə planları aktivləşdirilib, hazırlıqları gücləndirilib və Atlantik okeanının hər iki tərəfinə qoşun yerləşdirilib.

Video-bağlantı vasitəsilə sammitdə çıxış edən Ukrayna Prezidenti Vladimir Zelenski də deyib: "Bir aylıq belə müharibədən sonra, lütfən, bir daha bizə ordumuzun NATO standartlarına uyğun olmadığını deməyin. Biz bizim standartlarımızın nəyə qadir olduğunu, Avropada və dünyada ümumi təhlükəsizlik üçün nə qədər töhfə verə biləcəyimizi, dəyər verdiyimiz hər şeyi təcavüzdən qorumaq üçün nələr edə biləcəyimizi göstərdik. . NATO isə hələ Alyansın nə edə biləcəyini göstərməyib, siz öz arsenalınızdakı təyyarələrin 1%-ni, tankların 1%-ni bizə verə bilərsiniz.

Zelenski vurğulayıb ki, dünya və Ukrayna Şimali Atlantika Alyansından “real hərəkətlər və real təhlükəsizlik zəmanəti” gözləyir.

Teqlər