Zelenski müharibədə Rusiyanın böyük sayda canlı itki verdiyini iddia edir
16 min rus əsgəri həlak olub
Ukrayna prezidenti müharibənin başlandığı gündən indiyədək 16 min rusiyalı hərbçinin öldüyünü iddia edib.
SəhərAzəri-nin məlumatına əsasən, Volodimir Zelenski deyib: "Artıq 16 min rus əsgəri həlak olub. Niyə? Bu kimə nə verir? Söhbət ciddi olmalıdır. Ukraynanın suverenliyinə təminat verilməli, Ukraynanın ərazi bütövlüyü təmin edilməlidir. Yəni şərtlər ədalətli olmalıdır. Əks halda, Ukrayna xalqı bunu qətiyyən qəbul etməyəcək".
Rusiya tərəfi isə öz tələfatı barədə fərqli açıqlama verib. Dünən bu ölkənin Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi bildirib ki, Ukraynada Rusiya xüsusi əməliyyatının birinci mərhələsinin əsas tapşırıqları yerinə yetirilib və keçirilən əməliyyatda 1351 rusiyalı hərbçi həlak olub, 3825-i yaralanıb.
Moskvada keçirdiyi brifinqdə general-polkovnik Sergey Rudskoy onu da qeyd edib ki, Ukrayna ərazisində 62 dövlətdən 6595 əcnəbi muzdlu və terrorçu fəaliyyət göstərir, onlar amansızcasına məhv ediləcək.
Onun sözlərinə görə, əməliyyatın birinci mərhələsi məqsədinə nail oldu. Ukrayna ordusunun gücü xeyli azaldı və bu, Rusiyanın əsas hədəfinə: Donbasın azad edilməsinə diqqət yetirməyə imkan verir. Əməliyyat bütün hədəflərə çatana qədər davam edəcək", - deyə Rudskoy vurğulayıb.