Rusiya hərbi taktikasını dəyişirmi?
Ukrayna ordusu: Ölkənin şimalında Rusiya qoşunları qalmayıb
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiya qoşunları ölkənin şimal vilayətlərini demək olar, tərk edib, lakin işğalçılar Xarkovu mühasirəyə almaqda davam edir, Donbasda isə aktiv döyüş əməliyyatları gedir.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya hərbçiləri Ukraynanın hərbi və mülki obyektlərinə sistemli raket və hava zərbələrini davam etdirir, bununla yanaşı, yüksək dəqiqlikli silahlardan istifadə etməklə raket zərbələri və zərbələrin intensivliyi azalıb.
Məlumatda deyilir ki, Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak etmək üçün əlavə düşmən bölmələrinin hazırlanması davam edir. Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin sakinlərindən və muzdlulardan "könüllü" batalyonların yaradılması planlaşdırılır.
Qeyd edilir ki, Volın istiqamətində düşmən qoşunlarının vəziyyətində və mövqeyində əhəmiyyətli dəyişikliklər qeyd olunmayıb.
Polesk istiqamətində qarşı tərəf hərbi bölmələri Belarus ərazisinə çəkməyə davam edir. Rusiya ordusu qoşunların çıxarılması zamanı irəliləmə yollarına və ayrı-ayrı yaşayış məntəqələrinə minalar yerləşdirir.
Ukrayna hökuməti baş verənləri Rusiya ordusunun zəifliyi əlaməti saysa da, müstəqil analitiklər Kremlin öz hərbi taktikasını dəyişərək qonşu ölkənin şərq və cənub bölgələrini ələ keçirmək niyyətində olması ilə izah edirlər.
Digər tərəfdən Ukrayna mənbələrinin dediyinə görə, sutka ərzində Ukrayna ordusu Donetsk və Luqansk istiqamətlərində düşmənin 6 hücumunun qarşısını alıb.
Ukrayna Baş Qərargahının məlumatına əsasən, Donetsk və Luqansk ərazisində Ukraynanın müdafiəçiləri düşmənin 6 hücumunun qarşısını alıb, 4 tankını, 6 zirehli texnikası və 7 avtomobilini məhv edib.
Bu arada Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, son bir ay ərzində Ukraynada 600-ə yaxın diversant tutulub.
Məlumata əsasən, diversantlarda Ukrayna Silahlı Qüvvələrinə məxsus obyektlərin və hərbi postların şəkilləri, eləcə də onlar haqqında məlumatlar aşkarlanıb.
İddia olunur ki, diversantlar digər məxfi tapşırıqları da yerinə yetirməyə cəhd ediblər.