Rusiya müharibədə nə qədər hərbçi itirib?
Ukrayna düşmənin 19 min hərbçisini məhv etdiyini deyir
Ukrayna mənbələri Rusiya Silahlı Qüvvələrinin indiyədək müharibədə itirdiyi canlı qüvvə və texnikanın sayı barədə məlumat yayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 19 100-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib.
Bundan başqa iddia olunur ki, hücum edən tərəfin 705 ədəd tankı, 1 895 ədəd zirehli döyüş maşını, 333 ədəd artilleriya sistemi, 108 ədəd reaktiv yaylım atəş sistemi, 55 hava hücumundan müdafiə sistemi, 151 ədəd hərbi təyyarəsi, 136 ədəd helikopteri, 1 363 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi, 76 ədəd yanacaq çəni, 112 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.
Digər tərəfdən Ukrayna bildirir ki, Rusiya ordusunun polkovnik-leytenantı Georgi Petrunin öldürülüb.
Rusiyaya qarşı siyasi və hərbi, eləcə də informasiya imkanlarını səfərbər etmiş ABŞ isə müharibə ilə bağlı ən son məlumatında Rusiyanın Ukraynada hərbi gücünün 20 faizinin itirdiyini elan edib.
ABŞ Müdafiə Nazirliyindən bildiriblər ki, 800-1000 hərbçidən ibarət taktiki qrup taborların hissələri, faktiki olaraq, məhv edilib. Qoşunların qalıqları Rusiya və Belarus ərazisinə çəkilib.
Qeyd olunur ki, Rusiya 60 000 yeni hərbçi toplamaq niyyətindədir. Bundan sonra taktiki tabor qrupları bərpa ediləcək. Məlumata görə, Donbasa hücumun da bunun ardınca reallaşacağı gözlənilir. Pentaqonun hesablamasına əsasən, Donbasda və ya ona yaxın ərazidə Rusiyanın 40 taktiki tabor qrupu yerləşdirilib. Vurğulanıb ki, aprelin 6-da onların sayı 30 olub. Belə çıxır, Rusiya son günlər bölgəyə daha 10 000 hərbçi yerləşdirib.