Apr 14, 2022 11:11 Asia/Baku
  • Tehran müharibəyə qarşıdır, diplomatik həll yolunu dəstəkləyir

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba öz Twitter hesabında İran İslam Respublikasının müharibə ilə bağlı mövqeyini yüksək qiymətləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Kuleba bildirib ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan kütləvi informasiya vasitələrində İranın guya Rusiyaya silah göndərməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

“Mən İranın xarici işlər nazirinə zəng etdim. İran Rusiyanın Ukrayna ilə müharibəsinə qarşıdır, diplomatik həll yolunu dəstəkləyir. Xarici işlər naziri Əmir-Abdullahiyana İran şirkətlərinin köməyi ilə Rusiyaya silah tədarükü ilə bağlı iddiaları təkzib etdiyinə, eləcə də Ukraynaya göndərilən həkimlərdən ibarət heyətə görə minnətdaram”, - deyə Kuleba qeyd edib.

Öz növbəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon bağlantısında ölkəsinin Ukraynaya tibbi briqada göndərməyə hazır olduğunu vurğulayıb, eləcə də davam edən münaqişənin həlli üçün sülh səyləri və çalışmalarının uğur qazanmasını arzulayıb. O həmçinin İran İslam Respublikasının Ukrayna-Rusiya danışıqlarının sabitlik və sülhə gətirib çıxaracağına ümid etdiyini vurğulayıb.

O, “İranın Qızıl Aypara Cəmiyyətindən Ukraynaya tibbi heyət göndərməyə hazır olduğunu” ukraynalı nazirin diqqətinə çatdırıb.

İki nazir Ukrayna böhranı, diplomatik obyektlərin qorunması və humanitar yardımların göndərilməsinin zəruriliyini müzakirə ediblər.

Teqlər