Apr 26, 2022 12:26 Asia/Baku
  • Rusiya qüvvələri Donbası mühasirəyə almağa çalışır

Rusiya ordusu Ukrayna ordusunun ölkənin şərqində möhkəmlənmiş mövqelərini mühasirəyə almağa çalışır.

SəhərAzəri-nin məlumatına əsasən, Kremennaya şəhəri ələ keçirilib və Rusiya qüvvələrinin şimaldan və şərqdən Slavyansk və Kramatorsk şəhərlərinə doğru irəliləməyə cəhd etdiyi bir vaxtda İzyumun cənubunda şiddətli döyüşlər gedir.

Bundan başqa, qeyd olunub ki, Ukrayna qüvvələri Rusiyanın cənubdan mümkün hücumunun qarşısını almaq üçün Zaporojyedə müdafiəyə hazırlaşır.

Bu arada Kiyev iddia edir ki, Ukrayna hərbçiləri Xerson vilayətində Rusiyanın 70 canlı qüvvəsini və sursat anbarını məhv edib.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Öz növbəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya Ukraynaya qarşı müharibədə heç nəyə nail olmayacaq.

Zelenski vurğulayıb: “İki ayda bizə qarşı min yüzdən çox raket istifadə etdilər. Saysız-hesabsız bombalar, artilleriya... İşgəncə verdilər, qarət etdilər, güllələdilər. Torpağımızı minalayıblar. Dinc şəhərləri, kəndləri cəhənnəmə çevirdilər. Ukrayna şəhərlərinin və icmalarının bir hissəsi dağıdıldı. Amma heç nə əldə olunmayıb. Və əldə olunmayacaq”.

Zelenski Rusiyanın Ukrayna torpaqlarında növbəti qondarma referendum keçirmək istəyinə də münasibət bildirib: “Rusiya torpağımızda hardasa saxta “referendum” oyunu oynamaq istəyir. Onlar cəhd etsələr belə, bu, Moskvada Ukraynanın işğalı üçün yaradılan hər şey kimi biabırçı olacaq”.

Qeyd edək ki, Rusiyanın Xersonda daha bir qondarma respublika yaratmaq üçün yaxın günlərdə "referendum" keçirəcəyi haqda informasiyalar yayılıb.

2014-cü ildə Rusiya Krımı referendum vasitəsilə Ukraynadan ayırdı, lakin beynəlxalq birlik tərəfindən bu ilhaq planı tanınmamışdır. 

Teqlər