İyun 07, 2022 11:29 Asia/Baku
  • Blinken: Rusiya taxıl böhranının həlli ilə deyil, şantajla məşğuldur

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya qlobal ərzaq böhranının həllinə kömək etmir, şantajla məşğul olur. 

SəhərAzəri-nin məlumatına əsasən, Blinken deyib: "Rusiya Federasiyasının prezidenti Vladimir Putin ərzaq tədarükünə icazə vermir” və “dünyanı onun tələbləri ilə razılaşaraq sanksiyaları aradan qaldırmağa" çalışır. Bu, şantajdır. Hazırda Rusiya donanmasının blokadası üzündən Ukrayna məhsullarını adi təyinat yerlərinə daşıya bilmir."

Blinkenin təqdim etdiyi məlumata əsasən, “təxminən 20 milyon ton buğda Odessa yaxınlığındakı anbarlarda və Rusiyanın blokadasına görə Odessa limanındakı gəmilərdə qalıb”.

Bir müddət öncə Putin vurğulayıb ki, Kiyev limanlarını minalardan təmizləyərsə, Moskva Ukrayna taxılını daşıyan gəmilərin maneəsiz keçidinə zəmanət verəcək. Onun sözlərinə görə, əgər mallar Berdyansk və Mariupol kimi Rusiyanın nəzarətində olan limanlar vasitəsilə daşınarsa, Rusiya malların ixracını təmin edə bilər.
Bu arada CNN televiziyası Rusiya ordusunun Ukraynanın ikinci ən böyük taxıl terminalını dağıtdığını xəbər verib.

Məlumata əsasən, Rusiya ordusu Ukraynanın Nikolayev vilayətində yerləşən və ölkənin ikinci ən böyük taxıl terminalı olan müəssisəsini dağıdıb.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrel bu barədə qeyd edib ki, Rusiyanın bu addımı qlobal ərzaq böhranına növbəti “töhfə”dir.

Borrel həmçinin əlavə edib ki, sonuncu raket zərbələri Vladimir Putinin Ukrayna limanlarında olan ticarət gəmilərinin Qara dənizdə təhlükəsiz hərəkəti ilə bağlı son vədlərinə ziddir.

Teqlər