Sen 11, 2022 12:49 Asia/Baku
  • Lavrov ABŞ-a öhdəliyini xatırlatdı

Rusiyanın XİN başçısı bəyan edib ki, Amerika Birləşmiş Ştatları və BMT-nin Baş katibi Antonio Quterreş Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında bütün nümayəndə heyətlərinin iştirakını təmin etməlidir.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov xüsusilə, ABŞ-ın bütün iştirakçılara viza vermək öhdəliyini xatırladıb.

"Hələ vaxt var. Mən həmkarlarımdan xahiş etdim ki, bunu ABŞ-a bir daha xatırlatsınlar. Amerikalıların öz öhdəlikləri var, BMT Baş katibi bütün nümayəndə heyətlərinin təşkilatın, o cümlədən Baş Assambleyanın fəaliyyətində iştirakını təmin etmək öhdəliyinə malikdir", - deyə Rusiyanın xarici işlər naziri bildirib.

BMT-nin Yüksək Səviyyəli Həftəsi sentyabrın 20-dən 26-dək keçiriləcək və bütün nümayəndə heyətlərinin tam tərkibdə iştirakını nəzərdə tutur. Sentyabrın 1-nə qədər Rusiyanın Baş Assambleyadakı nümayəndə heyətinin 56 üzvündən heç biri ABŞ-a viza almayıb. Oxşar vəziyyət onu müşayiət edən jurnalistlər və nazirin təyyarəsinin ekipaj üzvləri ilə bağlı da yaranıb.

Xüsusən də xarici işlər naziri Sergey Lavrov və daxili işlər naziri Vladimir Kolokoltsev viza almayıblar. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bunu Vaşinqton tərəfindən beynəlxalq öhdəliklərin növbəti kobud şəkildə pozulması adlandırıb.

Sentyabrın 3-də o, dünya təşkilatının baş katibi Antonio Quterreş ABŞ-ı Rusiya nümayəndə heyətinə, eləcə də səfəri işıqlandırmaq üçün Nyu-Yorkda qalmaq istəyən jurnalistlərə viza verməyə çağırıb.

Baş katib hesab edir ki, Rusiya nümayəndə heyətinə və BMT-də işi olan digər nümayəndə heyətlərinə, xüsusən Baş Assambleya zamanı viza verilməlidir.

Fevral ayında ABŞ Sergey Lavrova qarşı sanksiyalar tətbiq edərək, onun ölkəyə girişinə qadağa qoyub. Avqustun 8-də Rusiya Prezidenti Vladimir Putin Lavrovun BMT Baş Assambleyasında Rusiya nümayəndə heyətinin rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.

Rusiya XİN rəhbəri avqustun 5-də BMT-nin baş katibi Antonio Quterreşə ABŞ-ın təşkilatın mənzil-qərargahının yerləşdiyi ölkə kimi öz vəzifələrinə laqeyd yanaşması ilə bağlı məktub göndərdiyini bildirib.

Teqlər