Rusiyanın XİN sözçüsü Makronun Rusiya barədə sözlərini şərh edib
Zaxarova: Fransa Rusiyanın məğlubiyyətini istəyir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, Makronun son açıqlamasına baxmayaraq, Fransa Rusiyanın məğlubiyyətini və darmadağın olmağını istəyir.
Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun Parisin heç vaxt “Rusiyanı məğlub görmək istəmədiyi və bir sıra Şərqi Avropa ölkələrindən fərqli olaraq belə bir mövqeyi dəstəkləməyəcəyi” barədə bəyanatını öz “Telegram” kanalında şərh edib.
Zaxarovanın fikrincə, 1812-ci ildə Rusiyaya hücum kontekstində “heç vaxt” sözü yersizdir. O, “Fransanın Makronla başlamadığını” qeyd edərək, dövlət səviyyəsində hörmət edilən və Parisin mərkəzində dəfn olunan Napoleonun qalıqlarını xatırladıb.
O qeyd edib ki, Fransa bütün sənədlərdə Rusiyanı özünə rəqib kimi göstərən NATO-nun üzvüdür. Paris həmçinin Rusiyanın qələbəsinin yolverilməzliyi ilə bağlı bəyanatları dəstəkləyərək Kiyevi silahla təmin edir.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin fikrincə, bu kimi hərəkətlərdən yalnız bir məntiqi nəticə çıxarmaq olar: onlar Rusiyanın məğlubiyyətini arzulayırlar.
"Hələ çox arzulayacaqlar və arzulamaqdan bezəcəklər" - deyə Zaxarova sözünü bitirib.