Ölkələr İsveçdə Quranın təhqir olunmasını pisləyir
Bir sıra ölkələrin, o cümlədən Yaxın Şərqin bir çox ölkələrinin rəsmiləri İsveçin paytaxtında polisin icazəsi ilə keçirilən etiraz aksiyası zamanı bir nəfərin Quranı təhqir etməsini pisləyib.
Bir neçə il əvvəl İsveçə qaçan 37 yaşlı iraqlı Salvan Momika cümə axşamı müsəlmanlar Qurban bayramını qeyd edərkən İslamın müqəddəs kitabının səhifələrini cıraraq, yandırıb. Stokholm Mərkəzi Məscidi qarşısındakı hərəkət beynəlxalq qınaqlara səbəb olub.
Reaksiyalardan bəzilərini təqdim edirik:
İran
İran Xarici İşlər Nazirliyinin sözçüsü hadisəni “təxribat, düşünülməmiş və qəbuledilməz” adlandırıb.
“İran İslam Respublikasının hökuməti və xalqı belə bir təhqirə dözmür və onu qətiyyətlə pisləyir”, - deyə Nasir Kənani bildirib.
“İsveç hökumətindən müqəddəslərin təhqir olunmasının təkrarlanmasının qarşısını almaqla yanaşı, bununla bağlı məsuliyyət və hesabatlılıq prinsiplərini ciddi şəkildə nəzərdən keçirəcəyi gözlənilir”, o əlavə edib.
Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi də bu çirkin əməli pisləyib.
“Bu nifrət dolu və təkrarlanan hərəkətlər heç bir əsaslandırma ilə qəbul edilə bilməz”, - deyə bildirilib.
Türkiyə
Türkiyənin xarici işlər naziri Hakan Fidan Quranı təhqir etməyi “alçaq” adlandırıb.
Fidan Twitter-də yazıb: “İfadə azadlığı bəhanəsi ilə bu anti-İslam hərəkətlərinə icazə vermək qəbuledilməzdir”.
"Belə vəhşi hərəkətlərə göz yummaq ortaq olmaqdır."
Türkiyənin qınaması ağırdır. Ölkə, Stokholmun “terrorçu” hesab etdiyi kürd qruplarına qarşı təzyiq göstərməməsi kimi qiymətləndirdiyinə görə, İsveçin NATO-ya üzvlük təklifini əngəlləyir.
Yanvar ayında Stokholmda Türkiyə səfirliyi yaxınlığında Quranı yandıran ifrat sağçı siyasətçi Rasmus Paludanla bağlı oxşar hadisə iki ölkə arasında gərginliyi daha da artırmışdı. Prezident Rəcəb Tayyib Ərdoğan o zaman İsveç liderlərinə demişdi: “Türkiyə Cümhuriyyətinin və ya müsəlmanların dini inanclarına hörmət etməsəniz, bizdən NATO-ya üzvlüklə bağlı heç bir dəstək almayacaqsınız”.
Misir
Misir Momikanın bu hərəkətini xüsusən də Qurban bayramında baş verdiyi üçün “utancverici” adlandırıb.
Misir Xarici İşlər Nazirliyi həmçinin Avropada Quranın yandırılması ilə bağlı “təkrarlanan hadisələrdən” narahatlığını bildirib.
“Misir müqəddəs Qurani-Kərimin yandırılması ilə bağlı dəfələrlə baş verən hadisələrdən və son vaxtlar bəzi Avropa ölkələrində islamofobiya və dinlərə qarşı küfr cinayətlərinin artması ilə bağlı dərin narahatlığını bildirir və müsəlmanların müqəddəslərinə və dini inanclarına təsir edən bütün pis əməlləri tamamilə rədd edir”, - deyə bəyanatda bildirilir.
İraq
İraq bu hərəkəti “irqçi” və “məsuliyyətsiz” adlandıraraq, “ekstremist və zehni pozulmuş şəxslər tərəfindən müqəddəs Quranın nüsxələrinin təkrar yandırılmasını” pislədiyini bildirib.
İraq hökumətinin bəyanatında deyilir: “Onlar təkcə irqçi deyil, həm də zorakılığı və nifrəti təbliğ edirlər”.
"Müxtəlifliyə hörmət dəyərlərinə və başqalarının inanclarına birbaşa zidd olan bu məsuliyyətsiz hərəkətlər birmənalı şəkildə pislənir", - hökumət əlavə edib.
İraqın nüfuzlu şiə ruhanisi Müqtəda Sədr isə insanları İsveçin Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə çağıraraq, İsveçi “İslama düşmən” adlandırıb və səfirinin ölkədən çıxarılmasını tələb edib.
Suriya
Suriya hökuməti müsəlmanlar üçün ən müqəddəs günlərdən birində “İsveç hökumətinin icazəsi və razılığı ilə bir ekstremist tərəfindən törədilən bu rüsvayçı hərəkəti” pisləyib.
Fələstin
Fələstin Xarici İşlər Nazirliyi təhqiri “insan hüquqlarına, tolerantlıq dəyərlərinə, başqalarının qəbul edilməsinə, demokratiyaya və bütün dinlərin ardıcılları arasında dinc yanaşı yaşamaya açıq hücum” adlandırıb.
İordaniya
İordaniya da bu hərəkəti “irqçi” və “təhrik” adlandıraraq, pisləyib.
Krallığın bəyanatında deyilir: "Nazirlik Qurani-Kərimin yandırılmasının təhlükəli nifrət aktı, zorakılığa və dinləri təhqir etməyə təhrik edən islamofobiya təzahürü olduğunu və qətiyyən ifadə azadlığının bir forması sayıla bilməyəcəyini təsdiqləyir”.
İordaniya əlavə edib ki, “ekstremizmi” rədd etmək “hamının əməl etməli olduğu kollektiv məsuliyyətdir”.
Mərakeş
Mərakeş qınama bəyanatından kənara çıxıb və İsveçdəki səfirini qeyri-müəyyən müddətə geri çağırıb.
Krallığın xarici işlər nazirliyi də İsveçin Rabatdakı müvəqqəti işlər vəkilini çağırıb və “bu hücumu qəti şəkildə pislədiyini və bu qəbuledilməz hərəkəti rədd etdiyini" bəyan edib.
Küveyt
Küveytin Xarici İşlər Nazirliyi Quranın yandırılmasının "dünyadakı müsəlmanların hisslərini alovlandıran təhlükəli, təxribatçı addım" olduğunu bildirib.
O, beynəlxalq ictimaiyyəti və hökumətləri “nifrət, ekstremizm və dini dözümsüzlük hisslərindən imtina etmək üçün çevik tədbirlər görmək üçün öhdəlik götürməyə” çağırıb.
Yəmən
Yəmən hökuməti bu hadisəni “nifrət dolu ifratçı tərəfindən müqəddəs İslam bayramlarında dünya müsəlmanlarının hisslərini qəsdən təhrik edən hadisə kimi” rədd edib.
Amerika Birləşmiş Ştatları
ABŞ Dövlət Departamenti Quranın yandırılmasına qarşı olduğunu bildirib, eyni zamanda Türkiyəni İsveçin NATO-ya daxil olmaq istəyini təsdiqləməyə çağırıb.
Sözçüsü Vedant Patel deyib: "Dini mətnlərin yandırılması hörmətsizlik və zərərvericidir və qanuni ola biləcək şeylər mütləq uyğun deyil"
“Geniş mənada, biz Macarıstan və Türkiyəni İsveçin üzvlük protokolunu gecikdirmədən ratifikasiya etməyə təşviq etməyə davam edirik”, - deyə o, bildirib.