İyul 11, 2023 13:47 Asia/Baku
  • Qərb İsveçə görə Türkiyəyə heçnə vermək istəmir

İsveçin NATO-ya üzvlüyü üçün bu ölkənin terrorçulara dəstəyi dayandırması eləcə də Avropa İttifaqının Türkiyənin üzvlüyünə qapını açması kimi şərtlər səsləndirən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən İsveçin hərbi alyansa qoşulması haqqında protokolları təsdiq etməyə razılaşıb.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ prezidenti dərhal Ərdoğanın Ankaranın İsveçin NATO-ya daxil olmasını dəstəkləməyə hazır olduğu haqqında bəyanatını alqışlayıb.

"Mən Türkiyə, İsveç və NATO baş katibinin bu gün axşam səsləndirdiyi bəyanatı, o cümlədən prezident Erdoğanın İsveçin qoşulması haqqında Protokolu tezliklə təsdiq edilməsi üçün Türkiyə Böyük Millət Məclisinə təqdim etmək öhdəliyi götürməsini alqışlayıram", deyə ABŞ prezidentinin bəyanatında bildirilir.

 Turan xəbər agentliyi bildirir ki, Ərdoğanın məhz bu addımından sonra onun Co Baydenlə görüşü razılaşdırılıb.

Ötən həftə İsveçin baş naziri Kristerssonla görüşən Bayden son günlər fəal şəkildə Erdoğana İsveçin NATO-ya üzvlüyü ilə razılaşması üçün təzyiq göstərir.

Erdoğan İsveçin PKK ilə bağlı mövqeyindən ciddi narahatlığını bildirib. Ərdoğan bundan əlavə yeni bir şərt də səsləndirib. Bazar ertəsi Türkiyə prezidenti qeyd edib ki, İsveçin NATO-ya üzvlüyü haqqında müraciəti təsdiq etməzdən əvvəl Brüssel Ankaranın Avropa İttifaqına daxil olması üçün də yolu təmizləməlidir. Ankara 1987-ci ildən etibarən rəsmi olaraq Aİ-yə daxil olmağa çalışırdı, Uzun illər ərzində danışıqlar çıxılmaz nöqtəyə çatıb. 

Lakin Dövlət Departamenti bazar ertəsi açıq şəkildə bildirib ki, onlar Türkiyənin Aİ-yə daxil olmaq səyləri ilə İsveçin NATO-ya daxil olması arasında heç bir əlaqə yaradılmasını istəmir və Türkiyənin qeyd-şərtsiz olaraq İsveçin NATO-ya üzvlüyü ilə razılaşmasını gözləyirlər.  

ABŞ Dövlət Departamentinin sözçüsü Turan-ın suallarına cavabda Türkiyə prezidentinin ölkəsinin Aİ-yə üzvlüyü ilə İsveçin NATO-ya üzvlüyünü şərtləndirməsi barədə deyib: “Biz hesab etmirik ki, bu, İsveçin NATO-ya daxil olması üçün maneə olmalıdır".

Mətbuat katibi Ağ evin bu mövqeyi üzərində Türkiyəyə təzyiqlər edildiyinə də eyham vurub: “Dövlət katibi Entoni Blinken son bir neçə gün ərzində Türkiyənin xarici işlər naziri Hakan Fidanla söhbətlərində bunu qeyd edib",- Sözçü deyib.

Miller Vaşinqtonun Türkiyənin PKK terrorçuları ilə bağlı İsveç qarşısında qoyduğu tələbləri də müəyyən mənada kölgəyə salmaq niyyətində olduğuna eyham vurub.

"Biz İsveçin Türkiyənin dilə gətirdiyi problemlərin həlli üçün bir sıra addımlar atmasında israr etməyə davam edirik və hesab edirik ki, Türkiyənin İsveçin NATO-ya daxil olmasını dəstəkləməyinin vaxtıdır", deyə Miller bildirib.

Hələ bəlli deyil ki, Türkiyə niyə qəfildən İsveçin NATO-ya üzvlüyünə müsbət münasibət göstərdi. Blomberq Türkiyədən olan bir rəsmiyə istinadla rəsmi Ankaranın Aİ-yə üzvlük və İsveçin terrorçulara dəstəkdən əl çəkməsi barədə müəyyən yaşıl çırağların göstərilməsindən xəbər versə də, keçmişdəki təcrübələr göstərir ki, qərb dövlətləri istəklərinə nail olduqdan sonra verdikləri sözü unudurlar.

Bu arada Rusiyadan da reaksiya gəldi.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Ankaranın İsveçin NATO-ya qoşulmaq üçün müraciətini təsdiqləyəcəyi barədə məlumatı şərh edərkən belə deyib: “Biz işlərə baxırıq, nəticə çıxarırıq”.

 

 

 

 

 

Teqlər