Sen 19, 2025 20:01 Asia/Baku
  • İrana qarşı yeni sanksiyalar etibarsızdır – TƏHLİL

Çin və Rusiya dövlətləri İran İslam Respublikasına qarşı BMT sanksiyalarına əməl etməyəcəklərini bildiriblər.

Çin və Rusiya birgə bəyanat yayaraq, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların geri qaytarılmasını və tətik mexanizminin işə salınmasını qeyri-qanuni, etibarsız və rədd edilmiş qərar adlandırıblar. Onlar bu sanksiyalara əməl etməyəcəklərini rəsmən açıqlayıblar.

Tətik mexanizminə görə, sazişi imzalayan tərəflərdən hər hansı biri İranın öhdəliklərini pozduğunu iddia edərsə, bu, əvvəlki qətnamələrdə qaldırılan sanksiyaların avtomatik bərpa olunmasına imkan verir.

Xatırladaq ki, son vaxtlar Çin və Rusiyanın İranla birlikdə Avropa Üçlüyünün BMT Təhlükəsizlik Şurasında tətik mexanizmini işə salaraq sanksiyaların geri qaytarılmasına yönələn təşəbbüsünü qanunsuz və prosedur baxımdan səhv hesab etdiklərini bildirmişdilər. Çin və Rusiyanın rəsmi mövqeyi belədir ki, Avropa ölkələrinin İranla bağlı sanksiyaları BMT çərçivəsində qaytarmaq təşəbbüsü “qanunsuz” və “etik baxımdan doğru olmayan” addımdır.

Bu bəyanat göstərir ki, BMT Təhlükəsizlik Şurasında artıq vahid mövqe yoxdur. ABŞ və Avropa bir tərəfdə, Çin və Rusiya isə digər tərəfdə dayanır. Nəticədə qətnamənin icrası zəifləyir, çünki iki böyük dövlət ona əməl etməyəcəyini elan edib.

Sirr deyil ki, İran İslam Respublikası bu dəstəkdən faydalanaraq, Çin və Rusiya ilə iqtisadi əməkdaşlığını davam etdirəcək. Beləliklə də Tehran “Şərqə yönəlmə” siyasətini daha da gücləndirməli olacaq.

Çin və Rusiyanın ortaq bəyanatı göstərdi ki, İrana qarşı sanksiyaların bərpası nə beynəlxalq konsensusa uyğundur, nə də real effektivlik vəd edir. Əksinə, Təhlükəsizlik Şurasının bölünməsini dərinləşdirir, diplomatiya yollarını daraldır və Qərblə Şərq arasında yeni qarşıdurma xətti çəkir.

Bütün bunları nəzərə alaraq, Qərbin; xüsusilə də ABŞ və üç Avropa ölkəsinin İrana qarşı sanksiya qətnamələrini yenidən gündəmə gətirməsi və tətik mexanizmini işə salmaları açıq-aşkar siyasi təzyiq vasitəsi olsa da, sonda fiaskoya məhkumdur. Zira dünyanın aparıcı dövlətlərindən ən azı ikisi İranın tərəfindədir və istisna deyil ki, Şanxay Əməkdaşlıq Təşkilatı, eləcə də BRİKS kimi mötəbər təşkilatların digər üzvləri də bu yeni kampaniyada İrana dəstək verəcəklər.