Medvedev Ukraynanın ehtiraslarının cavabsız qalmayacağını vurğulayıb
“NATO-ya daxil olmaq istəyinə görə Kiyev ağır bədəlini ödəyəcək”
Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev Telegram kanalında NATO sammitində qəbul edilən qərarları şərh edən bəyanat yayıb.
Medvedev müharibənin əvvəlki məqsədləri ilə davam edəcəyini vurğulayıb və qeyd edib ki, bu məqsədlərdən biri də Kiyev rejiminin NATO-ya üzvlükdən imtinasıdır.
O vurğulayıb ki, “Kiyev rejiminin hərbi bloka qoşulmaqdan imtinası mümkün olmasa, bu rejimin ləğvi ilə bağlı qərar veriləcək”.
Medvedev sonra bildirib: “Əsas məqsədlərdən biri Kiyev “nasist” qruplaşmasının NATO-ya üzvlükdən imtina etməsidir”.
Bu arada ABŞ Rusiyanın reaksiyasından ehtiyatlanmaqda davam edir.
Dövlət Departamenti Ukraynanın niyə NATO-ya üzv ola bilməyəcəyini izah edərkən bildirib ki, ABŞ-ı Rusiya ilə münaqişəyə cəlb etməmək üçün Ukrayna hələlik NATO-ya qəbul edilməyəcək.
Departamentin sözçüsü Metyu Miller qeyd edib ki, Vaşinqtonun Moskva ilə qarşıdurmaya cəlb edilməməsi üçün hazırda Ukraynanın Şimali Atlantika Alyansının digər üzvlərinə qoşulması doğru qərar olmaz.
“Ukraynanı müharibə şəraitində NATO-ya qəbul etmək düzgün olmazdı, bu, ABŞ-ın Rusiya ilə müharibə vəziyyətində olması demək olardı”, - deyə Miller vurğulayıb