İyul 23, 2023 21:20 Asia/Baku
  • Danimarka: Quran-a qarşı hörmətsizlik utanc vericidir

Danimarkanın Xarici İşlər Nazirliyi şənbə günü müsəlmanların müqəddəs kitabı olan "Quran"ın nüsxəsinin yandırılması ilə bağlı təxribat xarakterli hərəkəti pisləyib və bunu başqalarının dinlərinə hörmətsizlik edən "rüsvayçı hərəkət" adlandırıb.

Danimarka Xarici İşlər Nazirliyinin Twitter səhifəsində yerləşdirilmiş bəyanatında deyilir ki, bu təxribat xarakterli akt bir çox insanı incidir və müxtəlif dinlər və mədəniyyətlər arasında parçalanma yaradır.

Bəyanatda Danimarkada din azadlığına baxmayaraq, bir çox Danimarka vətəndaşının müsəlman olduğuna işarə olunaraq, onların Danimarka əhalisinin dəyərli bir hissəsi olduğu vurğulanıb. 

Bəyanatın davamında ölkənin ifadə və toplaşma azadlığına hörmət edilməli olduğuna inandığı bildirilib və əlavə edilib ki, Danimarka etiraz etmək hüququnu dəstəkləyir, lakin bunun dinc şəkildə qalmalı olduğunu vurğulayır.

Qeyd edək ki, cümə günü islamofob və ifrat sağçı millətçi "Danske Patrioter (Danimarka Patriotları)" qrupunun üzvləri İraqın Danimarkanın paytaxtı Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimin nüsxəsini yandırıblar.

Cümə axşamı günü də İsveçdə yaşayan 37 yaşlı iraqlı qaçqın Silvan Momika Stokholm məscidinin qarşısında müqəddəs kitabın səhifələrini yandırdıqdan bir neçə həftə sonra Qurani-Kərimi tapdalayıb və təpikləyib.

Həmçinin, bu ilin yanvarında Danimarkanın ifrat sağçı lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın bir nüsxəsini yandırmışdı. Bu hadisə bütün İslam dünyasında hiddət və qınaq yaradıb.

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei baş verən əxlaqsız hadisələrə toxunaraq, deyib: "Qurani-Kərimi təhqir edən günahkarın ən ağır cəzası bütün İslam alimlərinin yekdil rəyidir".

Teqlər