Türkmənistanda Xəzər konfransı keçirilib
Xəzəryanı ölkələr dəniz suyunun azalmasından narahatdırlar
Xəzəryanı ölkələr Türkmənistanın Avaza şəhərində keçirilən konfransda dəniz suyunun azalmasından narahatlıqlarını bildiriblər.
Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov "Xəzər dənizi - Sülh və Dostluq Dənizi" adlı elmi-praktik konfransda bu dənizin ekoloji problemlərindən və suyun səviyyəsinin azalmasından narahatlığını bildirib.
Xəzər dənizi günü münasibətilə “Xəzər dənizi - Sülh və Dostluq Dənizi” elmi-praktik konfransı diplomatik və beynəlxalq təşkilatların nümayəndələri, habelə mötəbər xarici KİV-in iştirakı ilə Türkmənistanın məşhur Avaza Milli Turizm Zonasında keçirilir.
Konfransın ümumi iclasında Türkmənistanın Xarici İşlər naziri və İran İslam Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan və Rusiya səfirliklərinin nümayəndələri çıxış ediblər.
Konfrans iştirakçıları Xəzəryanı ölkələr arasında gələcəkdə intensiv əməkdaşlığın zəruriliyini vurğuladılar. Çıxışlarda Türkmənistanın Xəzər regionunun ən mühüm proseslərində fəal iştirak etdiyi, sülh, yekdillik və qarşılıqlı faydalı əməkdaşlıq ideyalarına sadiqliyini nümayiş etdirdiyi vurğulanıb.
Qeyd edək ki, statistikaya əsasən, son 4 ildə Xəzər dənizinin səviyyəsi təxminən 38 sm azalıb. Xəzər Dənizinin Araşdırmaları və Tədqiqatları Milli Mərkəzinin ekspertləri tərəfindən aparılan araşdırmalar göstərir ki, 1990-cı illərdən Xəzərin suyunun səviyyəsinin 170 santimetr aşağı düşməsi nəticəsində dənizin belə nəzərəçarpacaq səviyyədə geri çəkilməsi şimal sahillərində, xüsusən Mazandaranın qərbində sahil zonasının böyük bir sahəsinin artmasına səbəb olub.
2017-ci ildə aparılan araşdırmaya əsasən məlum olub ki, 2050-ci ilə qədər Xəzərin suyu azalacaq. Mütəxəssislərin fikrincə, bu reqressiya iqlim dəyişikliyi ilə bağlıdır və bunun artması ehtimalı da vardır. Halbuki, Xəzər dənizinin geri çəkilməsinin təqribən 50%-i oradakı suyun buxarlanma sürəti ilə bağlıdır. Qeyd olunan tendensiya bu sürətlə davam edərsə, Xəzərin Rusiya sahillərinin də daxil olduğu şimal hissəsindəki ərazisinin 20-25%i azalacaq.