Avq 20, 2023 13:17 Asia/Baku
  • Jozep Borrelldən blef

Rusiya Ukraynaya qarşı müharibədə uğur qazana bilməyəcək və dünyada Çin kimi çəkiyə malik deyil. Bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

AB diplomatı qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya genişmiqyaslı işğala başlamaq qərarına gələrək, demək olar ki, hər şeydə, xüsusən də enerji asılılığına görə AB ölkələrinə nəzarət etmək imkanında yanılıb.

Eyni zamanda, Borrell Ukraynanın "sülh formuluna" dair Səudiyyə Ərəbistanında keçirilən son danışıqlarını müsbət qiymətləndirərək, Çinin bu danışıqlarda iştirakına diqqət çəkib.

AB-nin Çinə qarşı siyasəti və onun yaratdığı çağırışları şərh edən Borrell bildirib ki, Pekin və Moskvanı müqayisə etmək mümkün deyil.

"Birincisi, Çin Rusiya deyil. Çin əsl geosiyasi aktordur, Rusiya isə atom bombası olan yanacaqdoldurma məntəqəsi kimi iqtisadi cırtdandır”, - deyə Borrell mərhum ABŞ senatoru Con Makkeyinin sözlərindən sitat gətirib.

Jozep Borrell-in Rusiyanı təhqir xarakterli bəyanatına rəğmən ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami belə qənaətdədir ki, ABŞ Rusiya və Çinlə münaqişəyə girərsə yox olacaq.

ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami jurnalist Taker Karlsona "Twitter"də dərc olunan müsahibəsində Vaşinqtonun ölkəni nüvə silahından qorumaq qabiliyyətinə malik olmadığına diqqət çəkib.

"Əgər biz nüvə dövlətləri olan Rusiya və Çin ittifaqı ilə müharibə etsək, Birləşmiş Ştatlar yox olmaq riski ilə üzləşəcək", - deyə siyasətçi qeyd edib.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın Çin və Rusiyanı "strateji düşmənlər" elan etdiyini bildirib. Maraqlıdır ki, Pekin və Moskva arasında dostluq münasibətləri bundan sonra daha da möhkəmlənib. Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin Çini Rusiyadan ayırmasına baxmayaraq Ukraynadakı müharibə zamanı Çin Rusiyaya helikopterlər, nişangahlar və PUA-lar təhvil verib. Bu barədə iddianı “Teleqraf” yayıb.

Nəşr bildirib ki, zirehli texnika, reaktiv yaylım atəş sistemləri və strateji bombardmançı təyyarələrin istehsalı ilə məşğul olan Rusiyanın sanksiyalar altında olan şirkətləri komponentləri Çindən alıb.

Son günlər Qərb siyasətçiləri tərəfindən NATO üzvlərinin Ukrayna müharibəsinə töhfə vermək üçün potensiallarının tükənməkdə olduğunu bildiriblər. Fransanın keçmiş prezidenti Nikola Sarkozi isə Ukraynanı Rusiyaya qarşı güzəştə getməyə çağırıb. Təhlilçilər onun bu çağırışını əslində qərb dövlətlərinin rəsmən elan etmədikləri mövqeyi hesab edirlər.